12 yanvar 2023 02:15
684

Sosial dövlət: Sözlə yox, əməllə təsdiqlənən siyasət

“Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”.  Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Ölkə başçısı vurğulayıb ki, bu baxımdan minimum əməkhaqqının 15 faiz artırılaraq 345 manata çatdırılması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır. 

Minimum əməkhaqqının artırılması Vahid Tarif Cədvəlinə (VTC) uyğun əməkhaqqı alanların məvaciblərinin artmasıdır. Bu baxımdan minimum əməkhaqqının artımı VTC-nin bütün pillələri üzrə artıma (orta hesabla 15 faiz) imkan verəcək. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində  çalışanlar daxildir.

Dövlət başçısı, həmçinin pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiyanın da 16,7 faiz artırılaraq 280 manata çatdırıldığını və bu prosesin davam etdiriləcəyini deyib: “Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq”.

Bu, o deməkdir ki, hazırda 280 manatdan az məbləğdə pensiya alanların pensiyası bu göstəriciyə yüksəldiləcək. Əmək pensiyasının minimum məbləği sonuncu dəfə ötən ilin əvvəlində 200 manatdan 240 manata çatdırılmışdı. 

Minimum pensiya məbləğinin artırılması pensiyaya çıxmaq üçün tələb olunan kapitalın məbləğini də artırmış olur. Bununla da pensiya yaşına çatmış şəxs bu hüququndan yararlanmaq üçün minimum 40 320 manat pensiya kapitalına malik olmalıdır (Bu olmadıqda isə 25 il sığorta stajı tələbinə cavab verməlidir). 2022-ci ildə pensiyaya çıxmaq üçün minimum pensiya kapitalı tələbi 34 560 manat, 2021-ci ildə isə 28 800  manat idi. Qeyd edək ki, cari ildə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin də artırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir.

Ölkədə həyata keçirilən sosial siyasətin bir istiqaməti də şəhid ailələri və müharibə əlillərinə dəstəklə bağlıdır. Ölkə başçısı müsahibəsində bildirib ki, keçən il bu istiqamətdə də önəmli addımlar atılıb, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib. Bu il də onlara ən azı 1500 mənzil veriləcək. Ümumilikdə isə indiyədək 13 min ailə bu imkandan faydalanıb.

Eyni zamanda, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Lakin bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu proqramlar da gündəlikdədir.

Prezident İlham Əliyev sosial sahədən bəhs edərkən özünüməşğulluq proqramından da söhbət açıb. Bildirilib ki, bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq: “Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək”.

Lakin bütün bunlara baxmayaraq ölkə başçısı müsahibəsində sosial sahədə görülən tədbirlərin onu tam qane etmədiyini də gizlətməyib. Prezident İlham Əliyev imkan daxilində sosial sahədə də addımların atıldığını, Qarabağı və Şərqi Zəngəzuru bərpa etməyin və ordunu gücləndirməyin əsas prioritet olduğunu vurğulayıb: “Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”.

Ceyhun Piriyev, “İki sahil”