Son dövrlər dünyada baş verən siyasi-iqtisadi proseslər onu deməyə əsas verir ki, bu gün Avropanın enerji siyasətində ən mühüm məsələ etibarlı tərəfdaşın olmasıdır. Hazırda Avropanın etibar etdiyi və enerji böhranında Azərbaycana verdiyi dəyər həyata keçirilən uğurlu siyasətlə bağlıdır. Müstəqilliyimizin ilk illərində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra beynəlxalq layihələrin reallaşdırılması və bu layihələrin şaxələndirilməsində perspektivə hesablanmış addımlar idi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib.
Təsadüfi deyil ki, ötən ilin iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Lyayenin sözlərinə görə, Memorandumda Azərbaycandan Aİ-yə təchiz edilən qazın həcminin ikiqat artırılması qeyd olunub. Bu məqsədlə tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürüblər. Əgər 2021-ci ildə Azərbaycanın Avropaya qaz ixracatı 8 milyard kubmetr təşkil edirdisə, məqsəd bir neçə il ərzində bu rəqəmi artırmaqdır. Beləliklə Azərbaycan qarşısında Avropanın enerji təchizatında iştirakına dair maraqlı perspektivlər açılır.
Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bu məsələyə münasibət bildirərkən qeyd etdi ki, Azərbaycan sözügedən Memorandumun icrasını uğurla həyata keçirir: “…bu Memorandumun icrası kifayət qədər uğurla davam edir. Əgər biz 2021-ci ildə Avropaya 8 milyard kubmetrdən bir qədər çox qaz tədarük etmişdiksə, bu il 12 milyard kubmetrə yaxın olacaq. Bütövlükdə bu il 24 milyard kubmetrə yaxın ixrac gözlənilir. Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi aktora çevrilirik. Artıq indi TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması barədə düşünürük. Əlbəttə, bundan ötrü tərəfdaşlarımızla məsləhətləşmələr aparılır”.
Avropa İttifaqı ölkələri ildən-ilə ölkəmizlə enerji tərəfdaşlığını inamla möhkəmləndirir və genişləndirir. Eyni zamanda, bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyir. Bu arada artıq Avropa İttifaqının 5 ölkəsi Azərbaycanın qaz tədarükünü artırmaq üçün konkret layihə hazırlayıb və fevralın 3-də layihəni Bakıda təqdim etməyə hazırlaşır. Bunu Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada Türkiyənin energetika naziri Fatih Dönməzi qəbul edərkən deyib: “Bu, minimal vəsaitlə və tez bir zamanda Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın nəqlinə imkan verəcək layihədir. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulub”.
Əslində bu layihə 2022-ci ilin iyulunda Avropa Komissiyası ilə Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsinə dair imzalanmış Anlaşma Memorandumunun praktiki icrasıdır. Yəni, bu, həmin o strategiyanın davamı və həyata keçirilməsidir. Görünən odur ki, Azərbaycan üzərinə götürdüyü öhtəlikləri uğurla yerinə yetirir. Dövlət başçısının dediyi kimi, Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır, artıq açılıb: “Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Yəni, mahiyyət etibarilə biz Nabucco layihəsinin müəyyən versiyasına yaxınlaşırıq. Yadınızdadırsa, bu layihə barədə illər boyu çox fəal diskussiyalar gedirdi, lakin sonradan ona ehtiyac olmadı. Əslində, indi interkonnektorlar şəbəkəsinin, məsələn, Yunanıstan-Bolqarıstan interkonnektorunun yaradılması işləri çox fəal gedir. Mən onu da bilirəm ki, Serbiyanı ümumi sistemlə birləşdirəcək interkonnektor üzərində iş gedir və o cümlədən Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək”.
Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlandığını bildirən dövlət başçısı əlavə etdi ki, Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda Azərbaycan yaxın dost və tərəfdaş kimi öz xidmətlərini təklif edib və hazırda qazlaşdırma yerlərinin seçilməsinin, ilk növbədə, hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılır. Göründüyü kimi, Azərbaycan hər zaman qaz tədarükünü artırmağa və Avropaya böhrandan çıxmağa kömək etməyə hazır olduğunu bildirib. Məlum proseslər isə Azərbaycanın öz öhtəliklərinə əməl etməsinin növbəti göstəricisidir.
Qeyd edək ki, ölkəmizin qaz ehtiyatı 2,6 trilyon kubmetrə bərabərdir və Azərbaycanın zəngin enerji potensialının dünyaya çatdırılmasında mühüm rol oynayan Cənub Qaz Dəhlizi üç boru kəməri ilə inteqrasiya edilmiş 3500 kilometrlik boru kəmərləri sisteminə malikdir. Belə ki, Trans-Adriatik (TAP) boru kəməri İtaliyaya qədər uzanır. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetr, Trans-Adriatikin (TAP) ötürmə qabiliyyəti isə 10 milyard kubmetrdir. Qaza olan ehtiyacları nəzərə alaraq hazırda TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcək. Ötən il ölkəmiz 43,9 milyard kubmetr mavi yanacaq hasil edib ki, bunun 19 milyard kubmetri ixrac olunub. Təbii qazın təxminən 8,5 milyard kubmetri Avropaya, digər qismi isə Türkiyə və Gürcüstana ixrac olunub. Avropanın daha 5 ölkəsinin Azərbaycandan qaz tədarük etməsi ilə bağlı istəyi ölkəmizin önəmini bir daha ortaya qoyur.
Sevinc Azadi, “İki sahil”