Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkənin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Azərbaycan hökumətinin son 12 ildə qeyri-neft sektorunun inkişafına nail olmaq üçün həyata keçirdiyi siyasətin bir istiqaməti ölkədə iri sənaye qurumlarının - park, zona, məhəllələrin yaradılmasını əhatə edir. Rəsmi məlumata əsasən, sənaye zonaları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında, ixracın genişlənməsində əlverişli mexanizmdir. 2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2,9 mlrd. dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20,6 faiz, ixrac isə 10,08 faiz artıb. Sənaye zonalarında 10400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 460 mln.-a yaxın investisiyanın yatırılması və 4200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Həmçinin indiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.
Bu gün sənaye zonalarında sahibkarlıq subyektinin inkişafı üçün tam əlverişli investisiya mühiti yaradılıb. Bu, istər yerli, istərsə də xarici sahibkarlar üçün cəlbediciliyi daha da artırır. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parkı dövlət vəsaiti hesabına hazır infrastruktur sistemi ilə təmin edilir. Parklardakı torpaq sahələri minimum qiymətlərlə uzunmüddətli sahibkarların icarəsinə verilir. Qeyd edilənlərdən bir daha aydın olur ki, sənaye parklarında iş adamları üçün tam şərait yaradılıb. Bu şəraitdən istər yerli, istərsə də xarici iş adamları yararlana bilərlər. Hamı üçün parkın üzvülüyü bərabərdir.
Xatırladaq ki, ilk sənaye parkı Sumqayıt Kimya Sənaye Parkıdır və bu park 2011-ci ildə yaradılıb. Hazırda sənaye parklarının sayı 7-yə, sənaye məhələlərinin sayı isə 5-ə çatdırılıb. Bu da ondan xəbər verir ki, sənaye parkları və sənaye məhəllələri iqtisadi cəhətdən özünü doğruldur və buna görə də onların regionlarda yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Sənaye zonaları qısa zaman ərzində yaradılmalarıına baxmayaraq, onların ölkənin qeyri-neft sektorunun inkişafında çox böyük yerləri var. Bu gün sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilir. Bu məhsullar ölkəmizin idxaldan asılılığının azaldılmasına və ixrac imkanlarımızın genişləndirilməsinə təkan verir, “Made In Azerbaijan” brendini dünyada tanıdır.
Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsində də sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, işğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və parklara investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır. Qarabağ və Şərqi Zəngəzurda sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı nəzərdə tutulub. Tarixi irs və azad edilmiş ərazilərin potensialı nəzərə alınaraq burada dörd regional mərkəzin yaradılması planlaşdırılır. Ağdamda sənaye, Cəbrayılda logistika və ticarət, Şuşada mədəniyyət və turizm, Kəlbəcərdə mədənçilik və turizm mərkəzləri yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşmanın təşfiqi, eyni zamanda, həmin ərazilərin iqtisadi potensialının mərkəzləşdirilməsi üçün hökumət müxtəlif alətlərdən istifadə edərək, öz mövqeyini ortaya qoyur. Bu istiqamətdə resursları səfərbər etməklə bölgənin qısa müddətdə ölkə iqtisadiyyatına inteqrasiyası məqsədilə addımlar atılır. Həmin ərazilərə ümumi yanaşma olacaq, amma eyni zamanda, xüsusi zona statusundan da istifadə etməklə bölgəyə investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Məlumdur ki, Ağdam şəhəri XX əsrdə ölkəmizin sənaye mərkəzlərindən biri kimi tanınırdı. Amma mənfur düşmənin amansızlıqları şəhərin yerlə-yeksan edilməsinə, sənayenin isə çökdürülməsinə gətirib çıxarıb. Ancaq əminliklə deyə bilərik ki, yeni yaradılan və 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı bölgənin yenidən dirçəlməsinə və regionun sənayeləşmə siyasətinin inkişaf etdirilməsinə təkan verəcək.
Cəbrayılda yaradılacaq və 200 hektar ərazini əhatə edəcək "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı isə nəqliyyat-kommunikasiya imkanlarının üzərində yerləşdiyindən biznes üçün olduqca əlverişlidir. Dəmir yolunun bərpa edilməsindən sonra Zəngəzur üzərindən Naxçıvan-Türkiyə, Naxçıvan-İran, həmçinin əks istiqamətdə, Gürcüstana, Rusiyaya və hətta gələcək uzunmüddətli dövrdə Ermənistana belə malların daşınması mümkün olacaq. Digər tərəfdən, zonanın Xudafərin körpüsünün yaxınlığında olması və gələcəkdə burada yeni sərhəd məntəqəsinin də fəaliyyətinin nəzərdə tutulması bölgənin iqtisadi əhəmiyyətini daha da artıracaq.
Sevinc Azadi, “İki sahil”