13 yanvar 2023 02:59
718

Beynəlxalq nəqliyyatda Azərbaycan ciddi aktora çevrilib

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində yer verilən istiqamətlərdən biri də Azərbaycanın tranzit potensialı olub.

Ölkə başçısı xatırladıb ki, adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur. Ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib: “Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib”.

Reallıq budur ki, Azərbaycan xeyli müddətdir nəqliyyat sahəsində böyük maliyyə tutumuna malik irimiqyaslı layihələr həyata keçirir. Ölkə başçısı müsahibəsində vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi görülən işlərin əhəmiyyətini daha da artırıb. Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb: “Sadəcə olaraq, biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Çünki biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”.

Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi Orta Dəhlizin əhəmiyyətini artırsa da Azərbaycan üçün Şimal-Cənub nəqliyyat dəhlizi də aktuallığını qorumaqdadır. Prezident İlham Əliyev bu dəhlizin Rusiya üçün əsas prioritet məsələlərdən birinə çevrildiyini vurğulayıb.

Orta Dəhlizə gəldikdə dövlət başçısı, ilk növbədə beş il bundan əvvəl açılışını etdiyi Bakı-Tbilisi-Qars dəmir yolundan bəhs edib. Bildirilib ki, bu dəmir yolunun ötürmə qabiliyyəti indiki 1 milyon tondan 5 milyon tona çatdırılacaq: “Amma bu da kifayət etməyəcək. Düzdür, Qərb istiqamətində digər imkanlar da var, o cümlədən Gürcüstan limanları. Biz, əlbəttə ki, onlardan da istifadə edirik, o cümlədən limanların biri Azərbaycana məxsusdur. Amma yenə də gözlənilən yüklərin əgər həcminə nəzər salsaq, görərik ki, bu da çatmayacaq. Çünki keçən il mənim Orta Asiya ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərim olub və deyə bilərəm ki, hər bir görüşdə bu mövzu müzakirə edilirdi”.

Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılmış Orta Dəhliz və yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Türkiyəyə və eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarına xidmət edir. Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamətdə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları, digəri isə Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəhliz üzrə hərəkət edən blok qatarlar orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu baxımdan dəhliz Çinin Qara dəniz, Türkiyə, Aralıq dənizi və Avropa ilə birləşməsi üçün vacib rol oynayır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. 

Ölkə başçısı Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmasının vacibliyindən bəhs edərək Xəzər dənizi üzərindən keçən yolun vaxt baxımından çox cəlbedici olmasını burada üstünlük olaraq qeyd edib. Həmçinin buraya müştərək tarif siyasətinin həyata keçirilməsinin vacibliyini də əlavə edib: “Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”.

Başqa sözlə, Azərbaycan Orta Dəhlizə həm də Zəngəzur dəhlizinin reallaşdırılması prizmasından yanaşır. Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəyə çevirməklə onun əhəmiyyətini artırmış olur.

Ceyhun Piriyev, “İki sahil”