14 yanvar 2023 01:57
707

Manatın dəyərini qorumaq üçün...

2023-cü ildə də Mərkəzi Bankın pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcəkdir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2022-ci ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik ümumilikdə qorunmuş və iqtisadi artım davam etmişdir. 2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi son günlər ən çox müzakirə edilən mövzulardandır. Bu il devalvasiya olacaqmı? Bu məsələlərə aydınlıq gətirən Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib. Bununla yanaşı, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna edilmir.

Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da, 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb. “Brent” markalı neftin bir bareli 80 dollardan ucuz təklif olunur. 2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVID-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. “Böyük Yeddilik” ölkələrinin Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızıl”ın qiymətində artımları xeyli dərəcədə məhdudlaşdırır.

Təbii ki, Azərbaycanda manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Dövlət Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.

Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” rəhbər tutulmaqla pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. 2022-ci ildə ölkədə iqtisadi fəallıq yüksək qalıb, onun perspektivləri ilə bağlı gözləntilər nikbin olub. Ötən ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8%, o cümlədən qeyri-neft sektoru üzrə 9.2% artıb. Qeyri neft-qaz sektorunun ticari sahələri olan qeyri neft-qaz sənayesində 5.3%, kənd təsərrüfatında 3.4%-lik artım baş verib. İqtisadi fəallığın yüksək qaldığını Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqi də təsdiqləyir. Görülmüş işlər banklararası pul bazarında fəallığın artması ilə müşayiət olunur.

2023-cü ilin pul siyasətinin əsas istiqamətləri qlobal iqtisadiyyat və maliyyə bazarları, habelə ölkənin xarici, fiskal və real sektorları üzrə proqnozlar nəzərə alınmaqla işlənib.  Məlum olduğu kimi, Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Bu, şübhəsiz onunla bağlıdır ki, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.

Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq Mərkəzi Bank 2023-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcəkdir. Cari ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsrin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Cavid Əkbərov, “İki sahil”