14 yanvar 2023 02:58
675

Məqsəd hər bir vətəndaşın həyatını daha da yaxşılaşdırmaqdır - Son 5 ildə 4-cü sosial paket

Müasir dövrdə hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etməkdən, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaqdan, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Bununla belə, uğurlu sosial siyasət daha çox dövlətin iqtisadi imkanlarına  bağlı məsələ olduğundan onu həyata keçirmək o qədər də asan deyil. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində vurğulayıb ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir: “O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir….Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir”.

Yanvarın 5-də minimum əməkhaqqı və pensiya məbləğlərinin artırılması barədə sərəncamla son 5 ildə 4-cü sosial paketə start verən Prezident İlham Əliyevin növbəti Fərman və sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının 2023-cü il yanvarın  1-dən orta hesabla 15 faiz, eyni zamanda, müavinət və təqaüdlər artırılıb.

Əlilliyi olan şəxslərin həm müavinətlər, həm də təqaüdləri artırılıb

Ölkə başçısının imzaladığı Fərman və sərəncamlarla Prezidentin aylıq təqaüdü  şəhid ailəsi üçün 600 manata çatdırılıb. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb. Prezidentin aylıq təqaüdü  müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə)  400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə)  330 manata çatdırılmaqla bərabər, digər tərəfdən bütün kateqoriyalara aid əlilliyi olan şəxslər üçün müavinət də orqanizmin funksiyalarının 81-100 faiz, 61-80 faiz və 31-60 faiz pozulmasına görə müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. Həmçinin ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdü 300 manata, bu kateqoriyadan olan digər şəxslər üçün isə 200 manata çatdırılıb. Eyni zamanda, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub. Bununla da əlilliyi olan şəxslər üzrə həm müavinətlər, həm təqaüdlər artırılıb.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət 500 manata çatdırılıb

Bundan başqa, uşağın anadan olmasına görə birdəfəlik müavinət 500 manata, dəfn üçün birdəfəlik müavinət 500 manata,  radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il birdəfəlik müavinət 300 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü 330 manata,  elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü elmlər doktorları üçün 500 manata, fəlsəfə doktorları üçün 300 manata, yaşa görə müavinət  220 manata yüksəldilib.

Eləcə də Prezidentin fərdi təqaüdü 1500 manata, ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 120 manata, bir yaşınadək uşağı olan ünvanlı sosial yardım alan ailələrə hər uşağa görə müavinət 100 manata, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 105 manat, “Xalq” fəxri adına görə təqaüd 200 manata, “Əməkdar” fəxri adına görə isə 150 manata çatdırılıb.

Bununla da son 5 ildə icra olunan 4 sosial islahat paketi nəticəsində şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə, əlilliyi olan şəxslər üçün müavinət və təqaüdlər orta hesabla 3 dəfə, aztəminatlı ailələrdə bir yaşınadək uşağa görə müavinət 2,1 dəfə, uşağın anadan olmasına görə birdəfəlik müavinət 4,6 dəfə, dəfn üçün birdəfəlik müavinət 3,4 dəfə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, yaşa görə müavinət 3 dəfə, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 3,2 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, ailə başçısını itirməyə görə müavinət 76,5 faiz artırılıb.

Həmçinin tələbə və doktorantların təqaüdləri də artırılıb.

Ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

Bir sözlə, bütün bunlar, ilk növbədə dövlətimizin başçısının, Azərbaycan dövlətinin öz vətəndaşlarına diqqət və qayğısının, eyni zamanda, iqtisadi uğurların sosial sahədəki təzahürüdür.

Ceyhun Piriyev, “İki sahil”