Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 136,3 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 4,2% azalıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə avtomobil benzininin istehsalı 1,4% artıb.
Məlumata görə, ötən il ölkədə neft bitumu istehsalı 5,5%, dizel yanacağının istehsalı 15,5%, neft koksunun istehsalı 18,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 21,6%, sürtkü yağlarının istehsalı 23,5%, yanacaq mazutunun istehsalı isə 26,9% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, ötən ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb, bu da məhsulların istehsal həcminə təsirini göstərib.