20 yanvar 2023 02:16
765

Azərbaycanda investisiya mühiti çox müsbətdir

Prezident İlham Əliyev Davosda Çinin televiziya kanalı müsahibəsində bildirib ki, Azərbaycanın Şərq və Qərb arasında yerləşməsi geniş imkanlar yaradır

Prezident İlham Əliyevin Davosa səfəri çərçivəsində Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində toxunduğu nüanslardan biri Azərbaycanda investisiya mühiti olub. Ölkə başçısı bildirib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur: “Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir”.

Ümumiyyətlə, bu, bir reallıqdır ki, iqtisadiyyatın böyüməsində investisiya qoyuluşu böyük əhəmiyyət kəsb edir. Bu baxımdan 2003-2021-ci illərdə ölkədə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,7 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4,1 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2022-ci ilin göstəricilərini də nəzərə alanda Azərbaycana son 19 ildə 300 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Həmçinin xarici investisiyalar 2,2 dəfə artıb. 2004 - 2021-ci illərdə Azərbaycana 142 milyard ABŞ dolları həcmində xarici investisiya yatırılıb. Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar 7,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Ələt qəsəbəsindəki azad iqtisadi zonanın açılması sonuncu mərhələsindədir: “Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq”.

Başqa sözlə, yaxın gələcəkdə ölkəyə investisiya cəlbinin potensial istiqamətlərindən biri də Ələt azad iqtisadi zonasıdır. Ümumiyyətlə isə qeyri neft-qaz sektoru, nəqliyyat infrastrukturu, bərpaolunan enerji Azərbaycanda sərmayələr üçün açıq olan başlıca sahələrdir. Bunun üçün ölkə başçısı səviyyəsində dünyanın ən mötəbər tribunalarından Azərbaycanda  investisiya mühitinin əlverişli olması mesajı verilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir. Vurğulanıb ki, Azərbaycanda bərpaolunan enerji mənbələrini enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmir. Ölkənin bu sahədə nəhəng potensialı var və onun sayəsində ixracın şaxələndirilməsi hədəflənib.

Ölkə başçısı, həmçinin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində xatırladıb ki, Azərbaycanın açıq dənizə çıxışının olmamasına baxmayaraq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib: “Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib”.

Bir sözlə, qeyri-neft sektorundan əlavə, ölkənin tranzit və bərpaolunan enerji potensialı Azərbaycana sərmayə qoyuluşunu aktuallaşdırır.

Ceyhun Piriyev, “İki sahil”