Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirdi ki, bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq
Son illər dünyada ətraf mühitə zərər vurmayan bərpaolunan enerjidən istifadəyə üstünlük verilir. Bu sahədə Avropa İttifaqı ölkələri daha fəaldır. Müəyyən fikir ayrılıqlarına baxmayaraq, "qoca qitə"də bərpaolunan enerjidən istifadə geniş yayılıb. Bu da səbəbsiz deyil. Son iki əsrdə sənayenin sürətlə inkişafı ətraf mühitin çirklənməsinə səbəb olub. Atmosferin həddindən çox çirklənməsi isə iqlim dəyişikliyinə səbəb olur, kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, həmçinin insanların sağlamlığına ciddi zərər vurur. Çıxış yolu kimi alternativ enerjidən istifadə göstərilir. Bu üzdən hər yerdə bərpaolunan enerjidən geniş şəkildə istifadə yolları axtarılır və elmi tədqiqatlar aparılır. Lakin dünyanın tam bərpaolunan enerjiyə keçməsi barədə dəqiq heç nə bəlli deyil. Məlum olan odur ki, bu növ enerjidən istifadə sürətlə yayılır. Hazırda dünyada istehsal olunan enerjinin 15 faizi alternativ və bərpaolunan enerjinin payına düşür. Hətta bp kimi nəhəng neft-qaz istehsalçısı olan transmilli şirkət də bu sahədə fəaliyyət göstərməyə başlayıb.
Azərbaycan da bu proseslərdən geri qalmır. Ölkəmiz zəngin neft-qaz diyarı olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür. Ötən il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının və martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməlinin qoyulması da ölkəmizdə bərpaolunan enerjiyə keçidlə bağlıdır. Prezident İlham Əliyev ölkəmizin alternativ və bərpaolunan enerjidən istifadəetmə konsepsiyası barədə demişdir: "Dünyanın, demək olar ki, gündəliyinin ön sıralarında olan "Yaşıl gündəliyi" də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan etmişik. Artıq bir neçə su-elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var".
Bu günlərdə Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı “Masdar” ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşmanı xüsusi vurğuladı. Qeyd olundu ki, bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq: “Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək. Bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq".
“Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik” deyən Prezident İlham Əliyev əlavə edib ki, bu sahənin inkişaf etdirilməsində 2 məqsəd var: “Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.
Dövlət başçısı Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rola işarə edərək bu istiqamətdə görülən işlərdən də bəhs etdi: "Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur. Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”.
Onu da qeyd edək ki, Azərbaycanda bərpaolunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracı nəzərdə tutulub. Ümumiyyətlə, Azərbaycan “yaşıl enerji” sahəsində istehsalı artırmaq, hasil edilən elektrik enerjisinin əhəmiyyətli hissəsini dünya bazarlarına çıxarmaq niyyətindədir. “Yaşıl enerji”nin istehsalının əsas məkanlarından biri işğaldan azad edilmiş ərazilər olacaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40 faiz azaldılması hədəflərə doğru aparan yolun əhəmiyyətli hissəsidir. Bu gün bütün səylər bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub.
Sevinc Azadi, “İki sahil”