24 yanvar 2023 01:57
565

Ötən ilin dövlət büdcəsi: Gəlirləri proqnozdan çox, xərcləri isə…

Ötən il dövlət büdcəsinin gəlirləri proqnoz olunandan çox, xərcləri isə az olub. Maliyyə Nazirliyinin operativ məlumata əsasən, dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 5 faiz və ya 1 milyard 462,7 milyon manat artıq icra olunaraq 30 milyard 660,5 milyon manat təşkil edib. Bu, 2021-ci illə müqayisədə 4 milyard 264,2 milyon manat və ya 16,2 faiz çoxdur.

Gəlirlərin strukturuna nəzər salanda məlum olur ki, ötən il dünya bazarlarında yüksək enerji qiymətlərinə baxmayaraq neft-qaz sektoru üzrə daxilolmalar proqnozdan az olub. Belə ki, neft-qaz sektoru üzrə daxilolmalar 15 milyard 381,7 milyon manat və ya proqnozla nəzərdə tutulduğundan 1 faiz və ya 155,8 milyon manat azalıb. Büdcəyə qeyri-neft sektoru üzrə daxilolmaları isə 15 milyard 278,8 milyon manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1 milyard 618,5 milyon manat və ya 11,8 faiz, 2021-ci illə müqayisədə isə 2 milyard 418,8 milyon manat və ya 18,8 faiz çoxdur.

2022-ci ildə dövlət büdcəsinə ən çox vəsait vergi orqanlarının xətti ilə daxil olub.  Bu mənbə üzrə dövlət büdcəsinə 15 milyard 541,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib ki, bu da proqnoza nisbətən 3 milyard 801,5 milyon manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7 milyard 12,3 milyon manat və ya 82,2 faiz çoxdur. Vəsaitin 52 faizi və ya 8 milyard 82,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 362,8 milyon manat və ya 4,7 faiz, 2021-ci illə müqayisədə isə 1 milyard 739,9 milyon manat və ya 27,4 faiz çox olub. Neft-qaz sektoru üzrə isə təmin edilmiş vergi daxilolmaları 7 milyard 458,7 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 3438,7 milyon manat və ya 85,5 faiz, 2021-ci illə müqayisədə isə 5 milyard 272,4 milyon manat və ya 3,4 dəfə çoxdur.

Lakin buna baxmayaraq, qeyd etdiyimiz kimi, neft-qaz gəlirləri üzrə büdcəyə ümumi daxilolmalarda proqnozla müqayisədə azalmanın qeydə alınması Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertin nəzərdə tutulandan xeyli az olması ilə bağlıdır. Belə ki, 2022-ci ildə ARDNF-dən büdcəyə köçürülən vəsaitin məbləği nəzərdə tutulandan 31,2 faiz az -   11 milyard 517,5 milyon manat məbləğində transfertə qarşı 7 milyard 923 milyon manat reallaşdırılıb. Maliyyə Nazirliyinin açıqlamasına görə, transfertin azalmasına səbəb vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım olub.

Yeri gəlmişkən, ötən il gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5 milyard 654,6 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1 milyard 49,6 milyon manat və ya 22,8 faiz, 2021-ci illə müqayisədə isə 1 milyard 311,6 milyon manat və ya 30,2 faiz çoxdur.

Dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə daxilolma proqnoza nisbətən 8,9 milyon manat və 55,6 faiz çox, büdcədən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə proqnoza nisbətən 29,9 mln. manat və ya 3,6 faiz az olub.  Dövlət büdcəsinə sair daxilolmalar üzrə 529,1 milyon manat vəsait təmin olunub ki, bu da proqnoza nisbətən 227,1 milyon manat və ya 75,2 faiz çoxdur.

Xərclərə gəlincə, bu, proqnoza nisbətən 99,3 faiz və ya 32 milyard 63,3 milyon manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4 milyard 640,9 milyon manat və ya 16,9 faiz artıqdır.

Xərclərin 17 milyard 739,9 milyon manatı cari (2021-ci illə müqayisədə 1151,5 milyon manat və ya 6,9 faiz çox), 12 milyard 533 milyon manatı əsaslı (2021-ci illə müqayisədə 3 milyard 897,8 milyon manat və ya 45,1 faiz çox), 1 milyard 790,4 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətə (2021-ci illə müqayisədə 408,4 milyon manat və ya 18,6 faiz az) yönəldilib.

Maraqlıdır ki, dövlət büdcəsinin xərclərinin 36,2 faizi (11 milyard 592,6 milyon manatı) ilin dördüncü rübünün payına düşüb. Hərçənd ki, gəlirlərin 26,9 faizi (8 milyard 259,1 milyon manatı) bu dövrdə reallaşdırılıb.

2022-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat proqnozlaşdırılsa da faktiki olaraq 1 milyard 402,8 milyon manat və ya 54,8 faiz az təşkil etməklə 1 milyard 703,2 milyon manat təşkil edib. Kəsirin azalması xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), daxili və xarici borclanma (976,3 mln. manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (51,4 milyon manat) hesabına olub.

Ceyhun Piriyev, “İki sahil”