24 yanvar 2023 03:18
615

“Vergi Məcəlləsi”nə hansı dəyişikliklər edilib?

Şəhid övladları üçün güzəştlər qüvvəyə minib

2023-cü ilin yanvar ayından etibarən “Vergi Məcəlləsi”ndə vergi ödəyicilərinin mənafelərinə xidmət edən bir sıra dəyişikliklər edilib. Şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər.

“Vergi Məcəlləsinə” edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Şəhidlərimizin övladları da artıq bu güzəştdən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvəllər bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideynləri və həyat yoldaşlarına şamil olunurdu.

Yeni dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı, hansı yaşda olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır. Bu, şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydalanmağa imkan verəcək.

Hibrid avtomobillərinə görə 3 il vergi ödənilməyəcək

“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib. Bu, o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək.

Güzəştlərdə məqsəd hibrid avtomobillərinin idxalını təşviq etmək və onların daha çox satışını reallaşdırmaqdır. Bu, yaşıl enerji prinsipinə uyğun olaraq avtomobil parkında dəyişikliyə səbəb olmağı hədəfləyir.

Güzəştlərin tətbiq olunmasına rəğmən ölkəyə hələ də daha çox istehsal ili köhnə hibrid avtomobillərinin idxal edilməsi həm avtomobil parkının köhnəlməsinə, həm də qəzaların sayının artmasına səbəb olub. Bununla yanaşı, son dəyişiklik dünya bazarında müşahidə edilən qiymət artımları fonunda istehsal ili nisbətən yeni olan hibrid avtomobillərinin xərcinin azaldılması baxımdan vacib idi.

Vergi hesabatlarının təqdim olunmamasına görə 40 manatlıq sanksiya ləğv edilib

“Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdən biri də hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim olunmamasına görə tətbiq edilən maliyyə sanksiyasının ləğv olunması ilə bağlıdır.

Təcrübədə bir sıra vergi ödəyiciləri (xüsusilə mikro sahibkarlıq subyektləri) bir çox hallarda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etmir (əksər hallarda qanunvericiliyin tələblərini bilməməsi səbəbindən) və vergi orqanı tərəfindən həmin şəxslərə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdu. Bu isə vergi öhdəliyi yaranmayan vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmasına səbəb olurdu.

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, bundan sonra maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan, yəni vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunacaq.

Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.

Cavid Əkbərov, “İki sahil”