26 yanvar 2023 02:58
654

Avropa üçün ən optimal variant: Azərbaycan qazı və Cənub Qaz Dəhlizidir

Avropa ölkələri enerji müstəvisində hələ də ciddi problemlər yaşamaqda davam edir. Enerji təminatında çətinliklər digər iqtisadi problemləri də qaçılmaz edir. Məsələn, inflyasiyanı tətikləyən əsas məqamlardan biri məhz enerji faktoru ilə bağlıdır. Qış aylarının başlaması ilə əlaqədar olaraq qazın qiymətinin artması nəticəsində böhran yaranıb və Avropa dövlətləri bu böhrandan çıxış üçün alternativ yollar axtarırlar. Türkiyədə nəşr olunan “Dünya” qəzeti yazır ki, indiki məqamda Avropa üçün ən optimal variant Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasıdır: “Hazırda Azərbaycan TANAP ilə Türkiyə üzərindən Avropaya 16 milyard kubmetr qaz ixrac edir. Bunun 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya nəql olunur. Avropa dövlətləri Rusiyadan il ərzində 115 milyard kubmetr qaz alırdı. Bu, olduqca böyük həcmdir və indi bu boşluğu doldurmaq üçün əlavə qaza ehtiyac var. Azərbaycan 2027-ci ildə əlavə olaraq qaz hasilatını 5 milyard kubmetr də artıracaq ki, bu da ümumilikdə 20 milyard kubmetr qazın nəql olunması deməkdir. Perspektivdə Qazaxıstan və Türkmənistan qazının da Azərbaycandan tranzit olaraq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunmasını gözləmək olar. Bu istiqamətdə danışıqlar aparılır və real addımlar atılır”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir: “Bizim qaz ehtiyatlarımız çox zəngindir və hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfəyə genişləndirilməsi məsələsi müzakirə olunur. Cənub Qaz Dəhlizi layihəsi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Bu, onu göstərir ki, buna böyük ehtiyac var, təlabat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”.

Məlumdur ki, Azərbaycan üç böyük qaz kəməri layihəsinin müəllifidir. Bunlardan biri Cənub-Qaz dəhlizidir ki, üç boru kəmərdən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Digəri Cənubi Qafqaz boru kəməridir, digəri Trans-Anadolu və Trans Qafqaz boru kəmərləridir ki, bu kəmərlər də məhz İtaliyaya qədər uzanır. Təxminən 3 500 km uzunluğunda olan mürəkkəb texniki infrastrukturdadır. Azərbaycanın qaz ehtiyatları olduqca çoxdur, təxminən 2.6 trilyon kub metr həcmindədir. Bu da Azərbaycanın gələcəkdə -  növbəti onillikdə Avropanın qaz təchizatında və təhlükəsizliyində yaxından iştirak etməsinə imkan verəcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsində əsas geosiyasi aktorlardan biri də İtaliyadır. Həmçinin də Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində oynadığı rol da ciddi əhəmiyyətə malikdir. Hazırda Avropada yaşanan enerji böhranı çərçivəsində Azərbaycan qazının İtaliyaya nəqli və bu ölkənin illik tələbatının təxminən 10 faizini təmin etməsi rəsmi Roma tərəfindən yüksək qiymətləndirilir. 31 dekabr 2020-ci il tarixindən - kommersiya istismarına başlanandan bu günə qədər TAP ilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyanın payına düşüb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov 2022-ci ilin sonunadək İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə qaz ixracının 9,5 milyard kubmetr proqnozlaşdırıldığını, TAP-ın ötürücülük gücünün artırılması hesabına isə təkcə İtaliyanın deyil, Avropanın digər ölkələrinin də daha çox təbii qazla təchizatının mümkün ola biləcəyini bildirib.

Serbiya da Azərbaycandan qaz tədarükündə maraqlı olan ölkələr sırasında yer alır. Cənub Qaz Dəhlizinə inteqrasiya Serbiyanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəməri, eləcə də Serbiya- Rumıniya və digər interkonnektorlar bu ölkə ilə yanaşı, digər dövlətlərin də Azərbaycandan uzanan alternativ marşruta inteqrasiyasını təmin edəcək.

İndiki reallıqlar fonunda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan “mavi yanacaq” tədarükünü artırmaq istəyən Avropa ölkələrindən biri də Bolqarıstandır. Bu ölkə Rusiyadan ildə təxminən 3 milyard kubmetr “mavi yanacaq” idxal edirdi. Məlum gərginliklərdən sonra Bolqarıstan alternativ mənbə kimi Azərbaycana üz tutub. Bu ölkə Azərbaycan qazını daha böyük həcmdə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə almağı planlaşdırır. Bolqarıstan hökumətinin rəsmilərinin bildirdiklərinə görə, Azərbaycandan “mavi yanacaq” idxalı aşağı qiymətlər və daha çox enerji müstəqilliyi deməkdir. Xatırladaq ki, Bolqarıstan Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB -nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Hazırda IGB-nin tikintisində işlər son mərhələdədir, layihənin 90-95 faizi icra olunub. Gələcəkdə isə onun ötürücülük gücünü  5 milyard kubmetrə çatdırmaq mümkündür. Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycan qazının ölkəsinə nəqlini nəzərdə tutan və TAP boru kəmərinə qoşulacaq Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin icrası barədə danışaraq, boru kəmərinin kommersiya istismarına hazır olması üçün lazımi addımların atıldığını bildirib.

Bütövlükdə, Azərbaycandan qaz tədarükündə maraqlı olan ölkələrin sayı kifayət qədər çoxdur və bu siyahı artmaqdadır. Almaniya, Niderland, Moldova, İsveçrə və Avstriya kimi ölkələr də respublikamızdan “mavi yanacaq” idxalı ilə bağlı niyyətlərini ifadə ediblər.

Sevinc Azadi, “İki sahil”