26 yanvar 2023 10:57
465

Azərbaycanın ötən il qara metal ixracından gəlirləri 17% artıb

Ötən il Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 116 236,29 min ABŞ dolları dəyərində 147 712,14 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib. 2021-ci ildə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 80,2%, həcmi isə 2,2 dəfə artıb. 2021-ci ildə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,28% təşkil edib.