Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard 686 milyon ABŞ dolları dəyərində olub. Bu, 2021-ci illə müqayisədə 55,4 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin illik hesabatında bildirilir ki, ticarət dövriyyəsinin 38 milyard 147 milyon dolları ixracın, 14 milyard 540 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixracın dəyəri 71,8 faiz, idxal isə 24,2 faiz artıb. Bununla da ixrac idxalı 23 milyard 607 milyon dollar üstələyib.
İxracın 92 faizi neft-qaz sektorunun payına düşüb. Ötən il bu sektor üzrə ixracın dəyəri 35 milyard 99 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 58,1 faiz çoxdur.
Qeyri-neft sektoru üzrə ümumi ixracın 8 faizini təşkil etməklə 3 milyard 48 milyon dollar olub. Bu da əvvəlki illə müqayisədə 12,3 faiz artıqdır. 2021-ci ildə ixracda qeyri-neft sektorunun payı 12,22 faiz olmuşdu. Azalmaya səbəb neft-qaz sektorunda ixracın qeyri neft-qaz sektorundan daha yüksək tempdə olmasıdır.
Qeyri-neft ixracında ilk yerdə karbamid gəlir. Ötən il bu məhsulun ixracının dəyəri 210 milyon dollara yaxın olub ki, bu da 2021-ci illə müqayisədə 77 faiz artım deməkdir. Həmçinin pomidor ixracının dəyəri 4,6 faiz artaraq 167 milyon 608 min dollar olub.
Fındıq və xurma ixracı isə azalıb. Fındıq ixracının dəyəri 1 faiz azalaraq 110 milyon 643 min dollar, xurma isə 10 faiz azalaraq 113 milyon 371 min dollar olub. Maraqlıdır ki, xurmanın ixracının fiziki çəkisi də azalsa da fındıqda artım olub.
Ümumilikdə isə 2022-ci ildə kimya sənayesi məhsullarının ixracı 57,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4 faiz, çay ixracı isə 35,6 faiz artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz artıb.
2022-ci ilin dekabr ayının qeyri-neft ixracı 303,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 197,9 milyon ABŞ dollarına bərabər olub.
Ceyhun Piriyev, “İki sahil”
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var