31 yanvar 2023 01:15
473

Ölkəyə gələnlərin sayında 2 dəfə artım: Əcnəbilər ən çox harada gecələyiblər?

Ötən il ölkə turizmi pandemiydan əvvəlki dövrə bir az da yaxınlaşıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,9 faizi Rusiyanın, 19,5 faizi Türkiyənin, 10,6 faizi İranın, yerdə qalan hissəsi isə digər ölkələrin payına düşüb. 

2021-ci illə müqayisədə 2022-ci ildə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olub. Konkret ölkələr üzrə nəzər salanda, Omandan gələnlərin sayı 20,4 dəfə, Pakistandan 17,5 dəfə, Səudiyyə Ərəbistanından 10,9 dəfə, Hindistandan 10,6 dəfə, Küveytdən  9,9 dəfə, Özbəkistandan  6,2 dəfə, Qazaxıstandan  4,4 dəfə, İsraildən  3,6 dəfə, ABŞ-dan 2,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 2,4 dəfə, Almaniyadan 2,4 dəfə, Fransadan 2,1 dəfə, Böyük Britaniyadan 1,9 dəfə, Rusiyadan 1,7 dəfə, Ukraynadan 1,6 dəfə, Türkiyədən 1,6 dəfə, İrandan 36 faiz, Gürcüstandan 31,2 faiz artıb.

Ölkəyə gələnlərin sayında müşahidə olunan artım dinamikası mehmanxana sektorunda da öz əksini tapıb. Belə ki, ötən il belə obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci illə müqayisədə 1,5 dəfə artaraq 2 milyon 647,1 min olub. Gecələmələrin 55,1 faizi Bakıda, digər hissəsi isə regionlarda reallaşıb.

Lakin maraqlıdır ki, mehmanxanalardan istifadə edənlərin az qala yarısı yerli vətəndaşlar olub. Belə ki, ötən il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci illə müqayisədə 3,4 dəfə artaraq 1 milyon 394,1 min olsa da, bu da ümumi gecələmələrin 52,7 faizini təşkil edib. Gecələmələrin 16,5 faizi Səudiyyə Ərəbistanının, 12,6 faizi Rusiyanın, 10,5 faizi Birləşmiş Ərəb Əmirliklərinin, 8,6 faizi Türkiyənin, qalanı digər ölkələrin vətəndaşlarına aid olub.  Xaricilərin 79,6 faizi Bakını seçiblər.

Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı isə 1 milyon 253 min olub ki, bu da ümumi gecələmələrin 47,3 faizini təşkil edib.

Ötən il mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə  müqayisədə 1,7 dəfə artaraq 355,3 milyon manat olub. Gəlirlərin 59,6 faizi otaqların təqdim olunması üzrə xidmətlərdən əldə edilib.  

2022-ci ildə  belə obyektlərin birdəfəlik tutumundan istifadə 15,7 faiz səviyyəsində olub (2021-ci ildə  11,1 faiz). Lakin bu göstərici Şabranda 80,1 faiz, Naftalanda 37,6 faiz, Qubada 27,8 faiz, Beyləqanda 26,2 faiz, Lənkəranda 24,1 faiz, Bakıda 23,8 faiz, Ağcabədidə 20 faiz, Qəbələdə 19,7 faiz, Şuşada 16,7 faiz, Sabirabadda 16,2 faiz olmaqla daha yüksək olub. Digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Ceyhun Piriyev, “İki sahil”