04 fevral 2023 12:16
680

Xətai rayonunda "Heydər Əliyev İli"nə həsr olunan ağacəkmə aksiyası keçirilib FOTO

Fevralın 4-də Xətai rayonunda ulu öndər Heydər Əliyevin anadan  olmasının 100 illiyi münasibətilə  iməcilik və ağacəkmə aksiyaları keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Rayon İcra  Hakimiyyəti başçısı Aparatının nümayəndələri, rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclər və rayon ictimaiyyəti  iştirak ediblər.

Ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferi oksigenlə zənginləşdirmək və yaşıllıqların qorunması məqsədilə Rayon İcra Hakimiyyətinin  təşəbbüsü ilə təşkil olunan növbəti iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib,  rayonunun Cavanşir və Ceyhun Həsənov küçələrində,  eləcə də Gəncə prospekti 97 ünvanında 1500 ədəd şam ağacı əkilib, mövcud yaşıllıqlar sulanıb. Rayonun idarə, müəssisə və təşkilatları da aksiyaya qoşularaq inzibati binaların ətrafında abadlıq təmizlik işləri aparıb, ağac əkiblər.

Aksiyada iştirak edənlər rayon ərazisində yaşıllıq zolaqlarını genişləndirməklə sakinlərin səmərəli istirahətini  təmin etmək və rayonun ekoloji muhitini yaxşılaşdırmaq məqsədilə ağacəkmə aksiyalarının mütəmadi davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Mövsüm ərzində Xətai rayonunun yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Yaqut Ağaşahqızı, “İki sahil”