25 iyul 2026 15:15
130

Küveyt Neft Korporasiyası ilə xarici konsorsium arasında ixrac boru kəmərləri üzrə müqavilə imzalanıb

Küveyt Neft Korporasiyası ilə infrastruktur sektoru və investisiya qurumlarından olan bir sıra aparıcı qlobal sərmayədarları birləşdirən konsorsium arasında “Şahin” layihəsi üzrə müqavilə imzalanıb. Müqavilənin dəyəri 16 milyard ABŞ dollardır.

“İki sahil” Küveyt Neft Korporasiyasının açıqlamasına istinadla xəbər verir ki, sənəd xam neftin ixracı üçün nəzərdə tutulmuş bütün daxili boru kəməri şəbəkəsinin icarəyə verilməsi və yenidən icarəyə götürülməsini nəzərdə tutur.

Korporasiyanın baş icraçı direktoru və Direktorlar Şurasının sədr müavini Nəvaf Səud əs-Sabah bildirib ki, “Şahin” layihəsi Küveyt tarixində ən böyük birbaşa xarici investisiyanı təmsil edir və ölkənin iqtisadi inkişaf yolunda mühüm dönüş nöqtəsidir.

Qeyd olunub ki, investisiya konsorsiumuna uzunmüddətli strateji tərəfdaşlar qismində “Blackstone”, “Brookfield” və “KKR” şirkətləri daxildir. Bildirilib ki, layihənin təxminən 7,85 milyard ABŞ dolları həcmində gəlir gətirəcəyi gözlənilir.

Müqaviləyə əsasən, Küveytdə yeni birgə müəssisə yaradılacaq. Bu müəssisə Küveyt Neft Şirkətinə məxsus xam neft boru kəməri şəbəkəsinin ümumi uzunluğu təxminən 320 kilometr olan 13 boru kəmərinin istifadə hüquqlarına yiyələnəcək.