Prezident İlham Əliyev: Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır
Dünyanın müasir enerji xəritəsi yalnız iqtisadi deyil, eyni zamanda, mühüm siyasi konfiqurasiyaların formalaşmasına təsir baxımından böyük əhəmiyyətə malikdir. Sənayenin yüksək sürətlə inkişafı ilə bağlı çağdaş iqtisadi tələblərin qarşılanması, həmçinin ekosistemin mühafizəsinin təmin olunması hazırda qaçılmaz olduğu üçün alternativ enerji mənbələrinə müraciətlərin sayı hər nə qədər artsa da dünya dövlətlərinin neft və qaza yenə ciddi ehtiyacı var. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa dövlətlərini alternativ enerji istehsalçıları ilə qarşılıqlı, səmərəli tərəfdaşlıq münasibətləri qurmağa sövq edir. Mövcud enerji mənbələri içərisində Xəzər regionu dövlətləri, xüsusilə də Azərbaycan özünəməxsus mövqeyə sahibdir. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin bu baxımdan iki əsas komponentini xüsusi vurğulamaq lazımdır. Belə ki, ötən ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması digər sahələrdən fərqli olaraq, enerji təminatı sahəsində vəziyyəti xüsusilə kəskinləşdirdi. Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq etməyə başlayan Avropa özünün enerji təminatı üçün alternativ mənbələrə üz tutdu. Bu istiqamətdə ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır. Həmin sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xüsusilə vurğulamaq lazımdır ki, artıq həmin sənədin icrasına başlanıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var. Dövlətimizin başçısının yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Prezident İlham Əliyev Avropaya digər enerji körpüsünü də salır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.
Bu günlərdə ölkəmizdə Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq şəkildə ortaya qoyur. Tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. İclaslarda dünyanın nüfuzlu enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunub.
“Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisinin və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq”. Bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Ölkə başçısının sözlərinə görə, Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq: “Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına əlavə olaraq, - bu, birmənalı olaraq baş tutur, - biz, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisinin və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq”.
Göründüyü kimi, alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalını artırmaqla, daha çox qaza qənaət etmək və onu ixraca yönəltmək mümkündür. Düzdür, hələlik bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin payı aşağıdır. Ancaq nəzərə almaq lazımdır ki, bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilir və dünyanın aparıcı şirkətləri ilə müqavilələr imzalanıb. Söhbət günəş və külək enerjisi istehsalının artırılması ilə bağlı imzalanan müqavilələrdən gedir. Azərbaycan “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçirir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Bununla yanaşı, BP şirkəti ilə birlikdə işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində 240 meqavatlıq elektrik stansiyasının inşa olunması nəzərdə tutulub. Bu və digər layihələr həyata keçəndən sonra, istilik elektrik stansiyalarının elektrik enerjisi istehsalında payı azalacaq. Nəticədə daha çox qaza qənaət edilmiş olacaq və bu da ixraca yönəldiləcək. Mütəxəssislərin fikrincə, dağ çayları üzərində kiçik və müasir elektrik stansiyalarının inşa olunması hesabına, qazla elektrik enerjisi istehsalını minimuma endirmək də mümkündür.
Sevinc Azadi, “İki sahil”