Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin I iclaslarında qeyd olunduğu kimi, dünyanın enerji, nəqliyyat marşrutlarının yenilənməsində xüsusi rolu olan Azərbaycanın yaşıl enerji siyasəti təkcə bölgəyə deyil, Avropaya sabitlik, əmin-amanlıq vəd edir.
«Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir» söyləyən Prezident İlham Əliyev müstəqilliyimiz illərində Azərbaycanın adının enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələr sırasında çəkilməsini respublikamızın möhkəmlənən nüfuzunun, siyasi iradəsinin, beynəlxalq səviyyədə dəstəklənən vədinə sadiq etibarlı dövlət kimi tanınmasının məntiqi nəticəsi kimi dəyərləndirir. Eyni zamanda bərpa olunan enerji növləri istiqamətində planların həyata keçirilməsi ilə bağlı daha mühüm nailiyyətlər qazanılacağını əminliklə söyləyir: «Bu sahəni mən artıq bir neçə ildir ki, prioritet sahə kimi müəyyənləşdirmişdim. Onu da bildirməliyəm, adətən bu sahəyə o ölkələr daha ciddi fikir verir ki, o ölkələrdə təbii enerji resursları yoxdur, ya azdır, ya da ki, çatmır. Ona görə qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə, ona görə ki, bu, ən təmiz enerji növüdür.» Küləkdən, günəşdən istifadənin ekologiyanın, ətraf mühitin qorunması baxımından da əhəmiyyətli olduğu nəzərə alınaraq zəngin potensiala malik Azərbaycanda bərpaolunan enerjinin inkişafına alternativ mənbə kimi diqqət artırılması labüddür.
Böyük potensiala malik təkcə Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Dünya siyasətinin ən aktual mövzularından olan Zəngəzur dəhlizinin bərpası təkcə dəmir və avtomobil yolları, hava nəqliyyatı üçün deyil enerji növlərinin ixracı baxımından da əlverişli marşrutdur. Əminliklə demək olar ki, mütərəqqi təklifləri, layihələri, çağırışları ilə siyasi, iqtisadi platformaya çevirən Azərbaycanın yaşıl enerji siyasəti təkcə bölgəyə deyil, Avropaya sabitlik, əmin-amanlıq vəd edir.
Fevralın 3-də Bakıda, «Gülüstan» sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin I iclaslarında dünyanın enerji, nəqliyyat marşrutlarının yenilənməsində Azərbaycanın xüsusi rolunun etiraf olunması ölkəmizin beynəlxalq sferada artan mövqeyinin də təsdiqidir. Bu baxımdan 2022-ci ili ölkəmizin enerji diplomatiyasının uğurlu dövrü adlandırmaq olar.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada baş verən hadisələr enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi qədər vacib olduğunu təsdiqlədi. İki il bundan əvvəl istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsinə artan maraq da təsadüfi deyil. Avropa ölkələrinin enerjiyə artan tələbatının nəzərə alınması ilə TANAP-la ixrac olunan təbii qazın həcminin 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdən keçirilir. Eyni zamanda ehtiyac artan alternativ enerji mənbələrindən istifadənin yolları, marşrutları ilə bağlı danışıqlar davam etdirilir. Qlobal enerji layihələrinin şaxələndirmə prinsipləri əsasında genişləndirilməsinə dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi kimi böyük əhəmiyyət verən ölkəmizin bu sahədəki fəaliyyəti və xidmətləri yüksək dəyərləndirilir. Qitə dövlətlərinin enerji təhlükəsizliyi ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirən Azərbaycanın iştirakı və təşəbbüsü ilə imzalanan sənədlər ölkəmizin nüfuzunu daha da artırır, vədə sadiqliyimizi nümayiş etdirir.
Məşvərət Şurasının doqquzuncu iclasında görülən işlərdən və perspektivlərdən ətraflı bəhs edən, «Əvvəlcə, mən mühüm bir sənədi qeyd etmək istərdim. O sənəd ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumdur və o, əslində, gələcək planlarımız üçün aydın yol xəritəsidir. Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu, mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq» sözləri ilə enerji əməkdaşlığını tərəfdaşlığın yaxşı ruhu adlanıdıran Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasını keçirilməsini qarşılıqlı münasibətlərin möhkəmlənməsinə təsir edəcək daha uğurlu addım adlandırıb.
Ötən il Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsinin növbəti uğuru oldu. Bolqarıstana, qonşu ölkələrə təbii qazın təchizatı üçün imkan yaradan bu interkonnektor bəzi qitə dövlətlərinin enerji təhlükəsizliyi üçün çox vacib idi. Bu günlərdə Azərbaycanla Rumıniya arasında qaz təchizatı haqqında Sazişin imzalanması da enerji diplomatiyamızın yeni səhifələrindəndir. «Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq» söyləyən Prezident İlham Əliyev ölkəmizlə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu, Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olan enerji dialoqunu əlaqələrin məntiqi nəticəsi adlandırıb. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edən səmərəli dialoqun əhəmiyyətini belə ifadə edib: «Həmin dialoq hesab edirəm bu, əməkdaşlığımızın çox nadir və səmərəli formatıdır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün hiss olunan fəallıq bu dialoqun tərəfdaşlarının qarşıdakı illərdə artacağına əminlik yaradır.
Statistik rəqəmlər də bu reallığı təsdiqləyir. Ötən il 22,6 milyard kubmetr olan ixracın həcminin 2023-cü ildə 24,5 milyard kubmetrə çatdırılması planlaşdırılır. Yəni, ölkəmizin enerji təchizatı ilə bağlı ixrac imkanları artmaqla əhatə coğrafiyası da genişləndirilir.
Qarşıdakı illərdə digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə daha çox ölkələrin bu layihəyə qoşulacağı gözlənilir. Alternativ mənbə olan yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclasında iştirak edən heyətin 4 üzvü olsa da gələcəkdə bu sayın artacağı istisna deyil.
«Bu gün biz Azərbaycanda «Masdar”» və «ACWA Power»” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçiririk. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir» sözləri ilə alternativ enerji ilə bağlı perspektivləri diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, imzalanmış anlaşma memorandumuna uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Rumıniya və Macarıstan isə yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaqdır. Hesablamalara görə Xəzər dənizində külək enerjisinin potensialı 157, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Naxçıvan Muxtar Respublikasında 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı aparılan danışıqlar Azərbaycanın bərpa olunan enerji potensialının ixracını daha da artıracaq.
Son aylarda qitə dövlətlərinin enerji təchizatı ilə bağlı imzalanan memorandumlar göstərir ki, bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planların komanda şəklində davam etdirilməsi bütün tərəfdaşlar üçün uğurlu olacaq. Bu komandanın lokomotivi, söz sahibi isə Azərbaycandır.
Xuraman İsmayılqızı, «İki sahil»