07 fevral 2023 22:38
481

İqtisadiyyatın inkişafı üçün mövcud biznes mexanizmləri tətbiq ediləcək - Naxçıvan

Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Məhz bunun sayəsində son illərdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib. Birmənalı demək olar ki, ölkə başçısının rəhbərliyi uğurla reallaşdırılan islahatlar kursunun tərkib hissəsi olan korrupsiyaya, cinayətkarlığa, habelə məmur özbaşınalığına qarşı mübarizə artıq öz bəhrəsini verməkdədir.

Təbii ki, respublikamızda dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, davamlı islahatların həyata keçirilməsi bu sahədə yeni nailiyyətlərin əldə edilməsində böyük rol oynayır. 2022-ci il dekabrın 22-də dövlət başçısı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlar verib. Dövlət baçısı bildirib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini səfərbər etməlidir.

 Həqiqətən də, respublikamızın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da daim ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib.  Bu gün Naxçıvandakı quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin respublikamızda apardığı siyasətin tərkib hissəsidir. Bu məqsədlə Naxçıvana dövlət büdcəsindən lazımi vəsait ayrılır.

Hazırda Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, iqtisadi potensialdan səmərəli istifadə, sosial-iqtisadi sahədə şəffaflığın artırılması, işgüzar mühitin yaxşılaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması prioritetdir. Bütün bunlar 2023-cü il fevralın 7-də Naxçıvan şəhərindəki Biznes Mərkəzində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla görüşdə bir daha diqqətə çatdırılıb. Görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə iş adamlarının qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr aparılıb. Bildirilib ki, Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmləri tətbiq ediləcək.

Həmçinin qeyd olunub ki, iqtisadi sahədə aparılan islahatlar biznesdə və dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsinə hədəflənib. Bu baxımdan, vergi inzibatçılığı və idarəçiliyi sahəsində ciddi dəyişikliklər aparılır, vergi nəzarəti mexanizmləri təkmilləşdirilir və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın tətbiqi genişləndirilir, iqtisadi artımın bərpası üçün vergi təşviq alətlərindən geniş istifadə edilir. Həyata keçirilən vergi siyasəti “kölgə iqtisadiyyatı”nın miqyasının əhəmiyyətli dərəcədə azaldılmasına, iqtisadiyyatda şəffaflığın artmasına imkan yaradır.

Təbii ki, dövlətin fiskal siyasətini həyata keçirən orqanlar olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin koordinasiyalı fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu baxımdan metodiki köməkliyin göstərilməsi təmin edilməli, hüquqi münasibətlərin tənzimlənməsində, fiskal siyasətin həyata keçirilməsində vahid yanaşmanın tətbiqi, həmçinin müsbət təcrübələrin inteqrasiyası üçün bütün zəruri tədbirlər qarşılıqlı olaraq həyata keçirilməlidir. Fəaliyyətin bu cür qurulmasının vergi orqanlarının qarşısında duran vəzifələrin daha çevik, şəffaf və sistemli şəkildə icrasına müsbət təsir göstərəcəyi, dövlət başçısının qarşıya qoyduğu tapşırıq və vəzifələrin icrasına uyğun hədəflərə nail olunacaq.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb ki, Naxçıvanın inkişafı üçün bütün mövcud biznes mexanizmləri tətbiq ediləcək: “Naxçıvana səfər çərçivəsində həmkarlarımla birlikdə yerli sahibkarlarla görüşüb iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr apardıq”.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan müasir çağırışların, yeni reallıqların işığında bundan sonra yalnız inkişaf yolu ilə gedəcək, böyük uğurlara imza atacaq.

Zahid Rza, “İki sahil”