09 fevral 2023 17:43
551

Masallıda “Sən elə bir zirvəsən” mövzusunda partiya fəalları ilə görüş - FOTO

9 fevral 2023-cü il tarixdə Masallı rayon Mahudavar kəndində “Heydər Əliyev ili” çərçivəsində YAP Masallı rayon təşkilatının yaranmasının 30 illiyi münasibəti ilə “Sən elə bir zirvəsən” mövzusunda partiya fəalları ilə görüş keçirilmişdir.

“İki sahil” xəbər verir ki, görüş iştirakçıları ilk öncə Mahmudavar kəndində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər.

Tədbiri giriş sözü ilə YAP Mahmudavar ərazi partiya təşkilatının sədri Cəmaləddin Ağayev açaraq Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin eləcə də Türkiyədə baş vermiş təbii fəlakətdə vəfat edənlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti ilə tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Seyfəddin Əliyev qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən qüdrətli siyasi təşkilatıdır. Partiyanın gücünün, qüdrətinin əsasında dayanan başlıca amil onun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri cənab İlham Əliyevlə əlaqədardır. “Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər birimiz üçün böyük qürurdur”.

Görüşdə Mahmudavar ərazi partiya təşkilatının sədri, “Tərəqqi” medallı Cəmaləddin Ağayev, partiya fəallarından Əfrail Fərziyev, Qumru Əhmədov, İsa İbadov və başqaları çıxış edərək qeyd etdilər ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, filosofların, tarixçilərin və müxtəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində olacaqdır.