"Türkiyənin Kahramanmaraş şəhərində yerli əhali ilə ilk psixoloji söhbət zamanı onların qorxuları məlum olaraq üzə çıxdı. Zəlzələ təsirinə məruz qalan insanlarda əsasən təşviş, təlaş, ümidsizlik özünü göstərir".
“İki sahil” xəbər verir ki, bu fikirləri "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin psixoloqu, baş leytenant İlqar Abbasov deyib.
Onun sözlərinə görə, sözügedən ərazidə əsas məqsəd həm yerli əhaliyə, həm də axtarış-xilasetmə əməliyyatlarında iştirak edən FHN-in xilasedicilərinə psixoloji yardım göstərməkdir:
"Fevralın 11-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən 5 nəfərdən ibarət psixoloq qrupu Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərir. Yerli əhali ilə ilk psixoloji söhbət zamanı onların qorxuları məlum olaraq üzə çıxdı. Zərərçəkmişlərdə daha çox təşviş, təlaş, ümidsizlik, yaz psixologiyası və yenidən ailə üzvlərini, yaxınlarını, evlərini itirmək qorxusudur".
Zabit qeyd edib ki, fəlakətin bu qədər böyük olmasına və ilk günlərdən Azərbaycanın xilasedicilərinin fasiləsiz xidmət göstərməsinə baxmayaraq, FHN əməkdaşları arasında böyük ruh yüksəkliyi var:
"Həm fərdi, həm də qrup şəkilində psixoloji söhbətlərimiz əsasında məlum olur ki, xilasedicilərimiz hətta bir nəfəri belə dağıntılar altından sağ çıxarmaq üçün öz istirahət vaxtlarından imtina edirlər".
Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in 760 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 642 nəfər dünyasını dəyişib.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.