03 mart 2023 18:21
485

YAP Göyçay rayon təşkilatının 30 illik yubileyi qeyd edildi - FOTO

Bu gün  Yeni Azərbaycan Partiyası Göyçay  rayon təşkilatının inzibati binasında rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edildi.

Əvvəlcə  tədbir iştirakçıları  Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Göyçay  rayon təşkilatının sədri Sahib Şükürov  iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi. Bildirdi ki, Müstəqil Azərbaycan dövləti ilə eyni zamanda  təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi  30- ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir birindən əhəmiyyətli uğurlara imza atmışdır.

Sahib Şükürov  qeyd etdi ki, YAP Göyçay rayon təşkilatı Respublikada öncüllərdən olaraq 1993-cü ilin 6 mart tarixində öz təsis konfransını rayon mədəniyyət evində keçirmişdir. İlk ildə rayon təşkilatında 540 nəfər partiya üzvü olmuşdur. 01 mart 2023 –cü il tarixinə partiya təşkilatında 7787 üzv olmaqla rayonun qabaqcıl ziyalıları, qadın və gənclərini birləşdirir.

YAP Göyçay rayon təşkilatının  sədri Sahib Şükürov  2023 – cü il hər birimiz üçün çox böyük məsuliyyət tələb edilən bir il olduğunu qeyd etdi və bildirdi ki, bu il Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubiley ilidir. Azərbaycan Respublikasının Prezidenti 2023- cü ili “Heydər Əliyev ili ”elan olunması ilə bağlı xüsusi sərəncam imzalamışdır. Biz də, Heydər Əliyev ideyalarının təbliğatçısı olaraq il ərzində xüsusi tədbirlər planı hazırlayaraq həyata keçirməyi fəaliyyətimizin əsas tərkib hissəsi sayırıq.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının ilk sədri, partiyanın Veteranlar Şurasının üzvü Nazim İsmayılov Göyçayda partiyanın təsis edilməsi prosesindən,  o zaman hakimiyyəti ələ keçirmiş  AXC-Müsavat cütlüyünün hər vəclə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının Göyçayda təsis edilməsinə mane olmağa çalışmalarından ətraflı söhbət açdı. N İsmayılov qeyd etdi ki, YAP Göyçay rayon təşkilatının yaranması tarixi Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edir və bu tarixlərin üst-üstə düşməsi də əlbəttə ki, bizləri hədsiz dərəcədə qürurlandırır, fərəhləndirir.

Sonra Milli Məclisin deputatı Sabir Hacıyev çıxış edərək ötən 30 il həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngin olduğunu qeyd etdi. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir. S. Hacıyev sonda təşkilatın üzvlərini 30 illik yübiley münasibəti ilə , eyni zamanda tədbirdə iştirak edən xanımları qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar Günü münasibəti ilə təbrik etdi .

Daha sonra çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev YAP Göyçay rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi, Yeni Azərbaycan Partyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs etdi. N.Ağayev vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı.Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana ən yüksək zirvələri fəth etdir, xalqımız tarixi Zəfərlər əldə edir.

Daha sonra Vətən müharibəsi iştirakçısı Tural Əhmədov, Göyçay Radio-televiziya yayım stansiyası ərazi partiya təşkilatının sədri Ramiz  Məmmədov, şəhər M.Muradov adına 4 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədr müavini  Firəngiz Məmmədyarova çıxış edərək Ulu Öndərin layiqli davamçısı, Prezident, partiyamızın Sədri İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri olduğunu, şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını bildirdilər.

Tədbirin sonunda  YAP Göyçay rayon təşkilatının yaradılmasının 30 illiyi  münasibətilə  bir qrup  təşkilat üzvünə Fəxri fərmanlar, partiya sıralarına yeni daxil olanlara isə üzvlük vəsiqələri təqdim edildi.

Sonda Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının 30 ildə keçdiyi şərəfli yolunu özündə əks etdirən sənədli film nümayiş olundu.