Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində tədbirləri davam etdirir.
YAP Daşkəsən rayon təşkilatı tədbirlər planına uyğun olaraq bu gün, 6 mart tarixində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rayon təşkilatının Qərargahında bir qrup YAP fəalı qadınla görüş keçirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edərək qeyd edib ki, Azərbaycan qadınına ən yüksək qiyməti ulu öndər Heydər Əliyev vermişdir: «Azərbaycan qadınları siyasi cəhətdən də fəaldır. Onlar daha çox Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşiblər. Bu, onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir. Çünki qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər.»
M.Yolçiyev vurğulayıb ki, cəmiyyətimizdə qadınların təsirli rolunun təmin edilməsi istiqamətində də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Ulu Öndərin dövlət idarəçiliyində qadınlara göstərdiyi etimadı davam etdirir: «Bu gün ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Yüksək yaradıcılıq potensialına malik Azərbaycan qadını, xüsusən gənc qızlar göstərilən inam və etimad müqabilində fəallıq nümayiş etdirirlər. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bütün qüvvələrini səfərbər edir, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Yekunda görüşdə iştirak edən qadınlara hədiyyələr təqdim olundu.
Cavid Əkbərov, "İki sahil"