29 iyul 2026 13:32
98

Nizami rayonunda keçirilən “Yay məktəbi”nin iştirakçılarının təlim günü olub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin gənclərinin və könüllülərinin birgə “Yay məktəbi”nin iştirakçılarının təlim günü olub.

İştirakçılar öncə mütəfəkkir Lütfi Zadənin adını daşıyan “LTC LAB Academy”də olublar. Burada süni intellekt mühəndisliyi, Java proqramlaşdırma, data analitika, rəqəmsal marketinq və başqa istiqamətlərdə təlimlərin keçirilməsi, nəzəri və praktiki bacarıqların formalaşdırılması şəraiti ilə tanış olublar.

Sonra “Yay məktəbi” iştirakçıları üçün proqramlaşdırma, NVIDIA sertifikatlı süni intellekt mütəxəssisi Ramin Səfərovun və rəqəmsal inkişaf mütəxəssisi Mirnadir Seyidzadənin təlimləri keçirilib. “Süni intellekt və gənclər: strategiyadan real bacarıqlara” mövzusunda keçirilən təlimlərdə gənclərdə süni intellekt texnologiyaları barədə ilkin savadlılığın formalaşdırılması, tələbələrə gündəlik təhsil və peşə fəaliyyətində tətbiq edilə bilən praktik rəqəmsal bacarıqların, rəqəmsal məkanda məsuliyyətli davranış, media savadlılığı vərdişlərinin öyrədilməsi və gənclərin ölkənin rəqəmsal transformasiya gündəliyinə cəlb edilməsi kimi istiqamətlərdə nəzəri və təcrübi bilik və bacarıqlar aşılanıb.

Təlimin sonunda gənclərin sualları cavablandırılıb.

“Yay məktəbi”nin iştirakçılarının növbəti təlimi Veysəloğlu Şirkətlər Qrupunda baş tutub. Şirkətin Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova, Mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli, "Ulduz" Şokolad Fabrikinin İdarə Heyətinin üzvü Türkan Həsənova, "Veysəloğlu Distribusiya"nın Korporativ kommunikasiya şöbəsinin müdiri Zərri Allahverdi, Adilə Məmmədova və başqaları çıxış edərək şirkətin fəaliyyəti, biznes istiqamətləri, istehsal imkanları, korporativ dəyərləri və karyera perspektivləri barədə danışıblar. Görüşdə şirkətin 30 illik inkişaf yolu, fəaliyyət istiqamətləri, korporativ dəyərləri və insan kapitalının inkişafına verilən önəm barədə geniş təqdimatlar nümayiş etdirilib. Keçirilmiş interaktiv təlimlər zamanı şirkətdə formalaşmış korporativ mühit, komanda ruhu və əməkdaşların peşəkar inkişafına yanaşma barədə ətraflı məlumat verilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov gənclərin ölkənin aparıcı şirkətləri ilə yaxından tanış olmasının onların peşə seçimi, dünyagörüşünün formalaşması və gələcək karyera planlaması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüş çay süfrəsi və "Ulduz" şokoladlarının dadımı ilə davam edib.

Sonda qonaqlara "Ulduz" Şokolad Fabriki tərəfindən hazırlanmış xüsusi hədiyyə paketləri təqdim olunub, xatirə şəkli çəkdirilib.

“Yay məktəbi”nin iştirakçılarının daha bir təlimi “Balıqlı göl” istirahət mərkəzində baş tutub. Azərsun Holdinqin Sun Food MMC-nin marketinq direktoru Səadət Alıkişiyeva “Liderlik” və Kağız və Karton İstehsalat Korporasiyası MMC-nin şöbə müdiri Bahadur Məmmədov “Qida istehsalı müəssisələrinin tanıtımı” mövzusunda təlimlər keçiblər. Təlimlər zamanı şirkətin fəaliyyəti, istehsal sahələri, müəssisələri, kadr və peşə yönümlü işləri barədə ətraflı məlumat verilib.

Təlim çay süfrəsi ilə davam edib, xatirə şəkli çəkdirilib.

Yekun təlim YAP Nizami rayon təşkilatında olub. Burada gənclərə və könüllülərə “Siyasi partiyalar və siyasi kampaniyalar” mövzusunda təlimi rayon təşkilatının sədri Ramil Vəlibəyov keçib.

Zamin Məmmədov, "İki sahil"