23 oktyabr 2026 20:41
282

Hacıqabulda YAP-ın VIII Qurultayına həsr olunmuş geniş müşavirə keçirilib

Oktyabrın 23-də Hacıqabul Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də digər aidiyyəti nümayəndələr iştirak ediblər.

Müşavirədə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət müstəqilliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Rayon rəhbəri qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra qarşıda duran əsas vəzifələr əldə edilmiş tarixi nailiyyətlərin qorunması, dövlətçiliyin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın davamlılığının təmin edilməsi və cəmiyyətin milli-mənəvi dəyərlərinin qorunmasıdır. Ölkəmizin müstəqil siyasəti, güclənən iqtisadi və hərbi potensialı, beynəlxalq nüfuzunun artması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilib.

Sevindik Hətəmov çıxışında vurğulayıb ki, müstəqilliyin qorunması yalnız hərbi və iqtisadi təhlükəsizliklə məhdudlaşmır, ideoloji təhlükəsizlik də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Müasir informasiya mühitində, xüsusilə internet və sosial şəbəkələr vasitəsilə yayılan zərərli təsirlərə qarşı diqqətli olmaq, uşaqların və gənclərin sağlam dünyagörüşünün formalaşmasına, təhsil hüquqlarının qorunmasına və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xüsusi önəm vermək vacibdir.

Rayon rəhbəri ailə, məktəb və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinin, valideynlərlə maarifləndirici söhbətlərin aparılmasının, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin və cəmiyyətdə dövlətçilik prinsiplərinə bağlılığın artırılmasının əhəmiyyətini diqqətə çatdırıb. Bu istiqamətdə görülən işlərin formal xarakter daşımamalı, real nəticələrə və insanların maarifləndirilməsinə xidmət etməli olduğunu bildirib.

Çıxışda, həmçinin ideoloji və maarifləndirmə işinin müasir tələblərə uyğun qurulmasının, əhali ilə birbaşa ünsiyyətin genişləndirilməsinin, rəsmi informasiya resurslarında operativ və düzgün məlumatların yayılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, dövlət qurumları, təhsil və səhiyyə müəssisələri, yerli özünüidarəetmə orqanları, ziyalılar və ictimaiyyət nümayəndələri bu prosesdə üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər.

Sevindik Hətəmov rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin diqqətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəldərək, bu istiqamətdə işlərin ardıcıl, əlaqələndirilmiş və nəticəyönümlü şəkildə təşkil edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, Navahı qəsəbə tam orta məktəbinin direktoru Zaur Qasımov, Hacıqabul Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Səyavuş Məmmədov, Meyniman Folklor evinin mədəni təşkilatçısı, şəhid ailəsinin üzvü Şəlalə Şıxəliyeva, Vətən müharibəsinin qazisi Fərid Ağayev, təqaüdçü, əməkdar müəllim Şükür Məmmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Ülviyyə İbadova da çıxış ediblər. Çıxışlarda dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil və maarifləndirmə işinin gücləndirilməsi, eləcə də ailə və məktəb arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, uşaqların hüquqlarının müdafiəsi, onların sağlam dünyagörüşünün formalaşdırılması, ailələrə dəstəyin artırılması və dövlət başçısının nitqindən irəli gələn vəzifələrin hər bir sahədə məsuliyyətlə həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Müşavirənin sonunda qarşıda duran vəzifələrin icrasının təmin edilməsi, aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi və görüləcək işlərin nəticəyönümlü təşkil olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

Qeyd edək ki, müşavirənin keçirilməsində əsas məqsəd dövlət başçısının qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerli səviyyədə müzakirəsi, onların həyata keçirilməsi istiqamətində məsuliyyətin artırılması və rayonun ictimai həyatında dövlətçilik, milli-mənəvi dəyərlər və vətənpərvərlik prinsiplərinin daha da möhkəmləndirilməsidir.