31 mart 2023 02:57
425

Uçot dərəcəsi yenidən artırıldı: Hədəf nədir?

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,75 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9,75 faizə qaldırılıb. Buna qədər uçot dərəcəsi 8,5 faiz, faiz dəhlizinin aşağı həddi 6,75 faiz, faiz dəhlizinin yuxarı həddi isə 9,5 faiz idi. Başqa sözlə, sözügedən göstəricilər növbəti də 0,25 faiz-bənd artırılıb.

AMB bəyan edib ki, bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Bildirilib ki, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir. Bu proses qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən azalması, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, dünya əmtəə qiymətlərinin sabitləşməsi, hətta bəzi kateqoriyalar üzrə aşağı düşməsinin təsiri fonunda baş verir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin fevralında 0,6 faiz azalma ilə 2022-ci ilin mart ayında çatdığı pik səviyyədən 18,7 faiz bəndi aşağı düşüb, illik əsasda 8,1 faiz azalıb. Beləliklə, ötən ilin aprelindən başlayaraq artıq 11 ay ardıcıl dünya ərzaq qiymətləri aşağı düşməkdədir.

AMB-də hesab edilir ki, bütün bunlar ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir. Eyni zamanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Həmçinin manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici xərc amillərini neytrallaşdırır.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlaşdırır. Nəticədə qeyd olunan amillərin təsiri altında 2023-cü ilin fevralında illik inflyasiya 14,1 faiz təşkil edib ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15,6 faiz) ilə müqayisədə 1,5 faiz bəndi azdır.

Lakin AMB qeyri-müəyyənliklərin olduğunu da istisna etmir. Vurğulanıb ki, daxili bazarda inflyasiyanın pikdən azalma dinamikasını müşahidə edilsə də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Belə ki, stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Söhbət ondan gedir ki, cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Həmçinin banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də yüksək olaraq qalır və cari ilin fevralında 15,7 faiz təşkil edib. İlin əvvəlindən bəri qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər.

Bildirilib ki, sadalanan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Lakin baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır.

Ceyhun Piriyev, “İki sahil”