11 aprel 2023 03:21
440

Antiinflyasiya tədbirləri: Rəqəmlər nə deyir?

Azərbaycanda ötən ilin əvvəlindən başlayaraq gücləndirilmiş antiinflyasiya tədbirlərinə başlanılıb. 2022-ci il yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdi. Eyni zamanda, həmin ilin fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında  antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olmuşdu. Bundan başqa, Baş nazir "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalamışdı. Bu sərəncamla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə müvafiq qurumlara tapşırıqlar verilmişdi.

Ə.Əsədovun sədrliyi ilə keçirilən müşavirədə isə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunmuşdu.

Ə.Əsədov ötən il Milli Məclisdəki çıxışında bildirmişdi ki, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Baş nazir qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlərin görüldüyünü, bunun gələcəkdə də davam edəcəyini bəyan etmişdi. Qeyd etmişdi ki, əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması istiqamətində ciddi işlər aparılır, o cümlədən əsas məhsullar üzrə ciddi ixrac məhdudiyyətləri tətbiq olunub.

Bəs, görülən tədbirlər nə ilə nəticələnib?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında inflyasiya 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz təşkil edib. Fevral ayında inflyasiya əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 14,1 faiz olub.

Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair açıqlamasında bildirilib ki, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir. Bu proses qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən azalması, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, dünya əmtəə qiymətlərinin sabitləşməsi, hətta bəzi kateqoriyalar üzrə aşağı düşməsinin təsiri fonunda baş verir.

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Qlobal ərzaq qiymətləri indeksi ardıcıl 12 aydır aşağı düşərək mart ayında aylıq 2,15 faiz, illik 20,5 faiz azalıb. Ərzaq qiymətləri indeksi ərzaq malları səbətinin beynəlxalq qiymətləri üzrə aylıq dəyişikliyin ölçüsüdür. İndeks beş əmtəə qrupu üzrə qiymət indekslərinin orta göstəricisidir. Mərkəzi Bankda hesab edilir ki, bütün bunlar ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir.

Açıqlamada vurğulanıb ki, eyni zamanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Həmçinin manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici xərc amillərini neytrallaşdırır. Bunlarla yanaşı, Mərkəzi Bank tərəfindən monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlaşdırır. Nəticədə qeyd olunan amillərin təsiri altında 2023-cü ilin fevralında illik inflyasiya 14,1 faiz təşkil edib ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15,6 faiz) ilə müqayisədə 1,5 faiz bəndi azdır.

Lakin qurumda qeyri-müəyyənliklərin olduğu da istisna etmir. Söhbət ondan gedir ki, daxili bazarda inflyasiyanın pikdən azalma dinamikasını müşahidə edilsə də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Belə ki, stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Belə ki, cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Həmçinin banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də yüksək olaraq qalır və cari ilin fevralında 15,7 faiz təşkil edib. İlin əvvəlindən bəri qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər. Bildirilib ki, sadalanan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir.

Ceyhun Piriyev, “İki sahil”