Azərbaycan iqtisadiyyatı cari ilin birinci rübünü artımla başa vurub. Belə ki, ölkə iqtisadiyyatı 2023-cü ilin ilk ayını 1,5 faizlik azalma ilə başa vursa da sonrakı aylarda artım qeydə alınıb. Bununla da 2023-cü ilin yanvar-mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalsa da, qeyri neft-qaz sektorunda 4,9 faiz artıb.
Birinci rübdə ÜDM istehsalının 47,5 faizi sənaye, 9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatda sənayenin, nəqliyyat və anbar təsərrüfatının payı azalsa da digər sahələrin payı artıb.
Lakin faiz nisbətindən də göründüyü kimi, sənaye iqtisadiyyatın əsas hissəsini təşkil etməkdə davam edir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 18,6 milyard manatlıq məhsul istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 4 faiz azalsa da, qeyri neft-qaz sektorunda 4,7 faiz artıb.
Sənaye məhsulunun 72 faizi mədənçıxarma sektorunda, 22,6 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb. Həmçinin emal sektorunda nəqliyyat vasitələrinin, geyimin, hazır metal məmulatlarının, kimya sənayesi məhsullarının, metallurgiya sənayesi məhsullarının istehsalında, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində azalma, digər sahələrdə isə artım qeydə alınıb. Eyni zamanda, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 21,8 faiz artıb.
Birinci rüb investisiya sahəsi üçün də yaddaqalan dövr olub. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında əsas kapitala 3 milyard 523,1 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 51,7 faiz artıb. İstifadə olunmuş vəsaitin 1 milyard 941,3 milyon manatı və ya 55,1 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 396,5 milyon manatı (39,6 faizi) xidmət sahələrinə, 185,3 milyon manatı (5,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 577,3 milyon manatını və ya 73,2 faizini daxili vəsaitlər təşkil edib. Bu göstərici yerli vəsaitlərin investisiyalarda payının artmasından xəbər verir. Belə ki, ötən ilin yanvar-mart aylarında vəsaitlərin 1 milyard 676,7 milyon manatını və ya 68,7 faizini daxili vəsaitlər təşkil etmişdi.
Vəsaitlərin 2 milyard 517,5 milyon manatı və ya 71,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Müqayisə üçün deyək ki, ötən ilin birinci rübündə əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 688,2 milyon manatı və ya 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdu.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,8 faiz, büdcə vəsaitləri 39 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,1 faiz, sair vəsaitlər isə 4,7 faiz təşkil edib. Bu onu göstərir ki, birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə investisiyalarda müəssisə və təşkilatların, əhalinin öz vəsaitlərinin payı azalıb, büdcə vəsaitlərinin və bank kreditlərinin payı artıb.
Ceyhun Piriyev, “İki sahil”
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır