19 aprel 2023 00:10
516

İlin ilk rübündə elektrik enerjisi istehsalı və ixracı rəqəmlərdə

Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Layihə energetika sahəsində rəqabətli mühit yaradacaq.

Layihəyə əsasən, elektroenergetika subyektləri topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər. Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər. Elektrik enerjisi bazarının subyektləri elektrik enerjisi istehsalçıları, ötürücü və paylayıcı sistem, həmçinin qapalı paylayıcı şəbəkə və bazar operatorları, eləcə də təchizatçı (topdan və pərakəndə satış üzrə) istehlakçılardır.

Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycanın ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər. Elektrik enerjisinin idxalı və ya ixracı topdansatıș bazarı qaydaları ilə tənzimlənir.

Elektrik enerjisinin pərakəndə satış bazarında təchizatçı elektrik enerjisinin təchizatının icazə əsasında, elektrik enerjisinin təchizatının bu Qanuna və pərakəndə satış bazarı qaydalarına uyğun, elektrik enerjisinin təchizatının istehlakçılarla bağlanılmış müqavilələr əsasında həyata keçirilməsi əsasında fəaliyyət göstərir.

Yeni Qanunun qəbulunu şərtləndirən amillər son vaxtlar Azərbaycanda elektrik enerjisi istehsalının sürətli inkişafı ilə bağlıdır. Rəqəmlərə diqqət yetirsək görərik ki, 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 23,2% artaraq 912,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. Ötən illərdən fərqli olaraq, qeyri-neft ixracının əsas hərəkətverici qüvvəsi elektrik enerjisi olub. 2023-cü ilin ilk üç ayı ərzində elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 mln. kVt·st, yəni 7,7 % artaraq 7 756,2 mln. kVt·st olub. 2023-cü ilin ilk rübündə Azərbaycanın elektrik enerji istehsalının 16,6%-i ixraca yönəlmişdir. Belə ki, cari ilin birinci rübü ərzində elektrik enerjisi ixracı 6,1 dəfə və ya 234,7 milyon artararaq 281,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin qeyri-neft ixracının strukturunda 6-cı mövqedə qərarlaşan elektrik enerjisinin ticarət gəlirləri 121,6 milyon ABŞ dolları dəyərində olmuşdur. Nəticə etibarilə, 2023-cü ilin elektrik enerjisi ixracı 2022-ci ilin yekun ixrac dəyərindən 2,3 dəfə çoxdur. Yalnız mart ayında isə elektrik enerjisi istehsalı 11,7%,  ixracı isə 22 dəfə artıb.

Elektrik enerjisi ixracının əhəmiyyətli səviyyədə artımı Türkiyəyə həyata keçirilən ixracın sürətli artımı ilə əlaqədardır. 2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7% artaraq 273,9 milyon ABŞ dolları təşkil etmişdir. Yalnız fevral ayında isə qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi ilə əlaqədardır.

Cavid Əkbərov, “İki sahil”