Azərbaycanda regionların inkişafı həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İndiyədək bu sahədə qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri çərçivəsində açılışı olan obyektlər də qeyd edilənlərin əyani sübutudur.
Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki üç Dövlət Proqramının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icra olunduğu müddətdə dövlət büdcəsinin gəlirləri 21,6 dəfə, xərcləri isə 22,2 dəfə artıb. Bu dövrdə əhalinin nominal gəlirləri 10 dəfə və əhalinin banklardakı əmanətləri 36,7 dəfə artıb. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10 dəfə çoxalıb. 2003-cü illə müqayisədə 2021-ci ildə orta aylıq nominal əməkhaqqı 9,5, pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə yüksəlib.
Hazırda icra edilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” cari ildə başa çatır. Bu müddətin bir hissəsini COVID-19 pandemiyası əhatə etsə də regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafı xüsusən də sərmayələrin qoyuluşu ilə xarakterikdir. Bu baxımdan təkcə 2023-cü ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 523,1 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çox vəsait yönəldilib.
Birinci rübdə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 41,1 faizi sənaye, 34,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 16,8 faizi tikinti, hər birində 2,5 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, informasiya və rabitə, 0,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,4 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi, təhsil, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.
Bu dövrdə neft-qaz sektoruna 1 milyard 271,4 milyon manatlıq vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 2 milyard 251,7 milyon manatlıq vəsaitin 175,4 milyon manatı (ümumi sərmayənin 5 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.
2023-cü ilin yanvar-mart aylarında Bakı şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binası, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
Ceyhun Piriyev, “İki sahil”
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır