20 aprel 2023 13:28
268

Azərbaycan sığortaçılarının məcmu aktivləri 19 % artıb

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 455,811 milyon manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 18,8 % çoxdur.

2022-ci ildə sığortaçılardan 14-ü aktivlərini artırıb, 6-sı azaldıb.

Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 34,2 % artaraq 650,117 milyon manat, məcmu qısamüddətli aktivləri isə 8,7 % artaraq 805,695 milyon manat olub. 14 şirkət uzunmüddətli aktivlərini, yenə də 14 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 28,8 % artaraq 1 027,851 milyon manat təşkil edib. Sığortaçılardan 13-də öhdəliklər artıb, 7-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 23,6 % artaraq 920,168 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 2 dəfə artaraq 107,684 milyon manat olub. 13 şirkət uzunmüddətli öhdəliklərini, 12 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 0,1 % artaraq 427,96 milyon manata, məcmu nizamnamə kapitalı isə 0,8 % artaraq 333,09 milyon manata çatıb. Bazar iştirakçılarından 13-ü balans kapitalını artırıb, 6-sı azaldıb, 1 şirkətin – “Azərsığorta”nın isə balans kapitalı mənfiyə düşüb (kapital çatışmazlığı ilə üzləşib). 2 şirkət – “Günay Sığorta” və Naxçıvan Sığorta” isə nizamnamə kapitalını artırıb.