“Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Artıq hökumətə göstəriş verilmişdir ki, büdcə dürüstləşməsi aparılsın və Milli Məclisə təqdim edilsin”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Ölkə başçısı vurğulayıb ki, Dövlət Vergi Xidmətinin xətti ilə cari ilin üç ayı ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanıb. Həmçinin gömrük sahəsində proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 faiz artaraq 4 milyard 899,5 milyon manat təşkil edib. Bu dövrdə, həmçinin Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 1 milyard 544,97 milyon manat olub. Cari ildə Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmalarının 13 milyard 402 milyon manat (2022-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 662 milyon manat və ya 14,2 faiz çox), Dövlət Gömrük Komitəsinin vasitəsilə isə 4 milyard 750 milyon manat (2022-ci ilin proqnozu ilə müqayisədə 145 milyon manat və ya 3,1 faiz) təşkil edəcəyi proqnozlaşdırılıb. Bu, o deməkdir ki, artıq birinci rübdə illik büdcəyə daxilolma proqnozuna Dövlət Vergi Xidməti tərəfindən 36,6 faiz, Dövlət Gömrük Komitəsi isə 32,5 faiz əməl edib.
Nəticədə ölkə başçısının da vurğuladığı kimi, dövlət büdcəsində dürüstləşmənin aparılmasına əsas yaranıb. Prezident İlham Əliyev bildirib ki, proqnozdan xeyli çox miqdarda vergi ödənişlərinin toplanması şəffaflıq və yeni idarəetmə nəticəsində olub. Bildirilib ki, hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir: “Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır.
Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər”.
Gəlirlərin proqnoz olunandan xeyli çox artması fonunda büdcənin dürüstləşdirilməsi xərclərin də artırılacağı deməkdir. Əks təqdirdə, buna ehtiyac da olmazdı. Bu baxımdan hansı xərclərin artırılacağı da mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısı isə müsahibəsində bu sualın da cavabını elan edib. Prezident İlham Əliyev bildirib ki, proqnozdan artıq toplanmış vəsaitin əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə isə hərbi xərclər olacaq. Bundan başqa, digər istiqamətdə xərclərin də artırılacağı gözlənilir.
Ölkə başçısı bu xərclərin prioritetliyini konkret amillərlə izah edib. Xüsusilə də hərbi xərclərin artırılmasına böyük ehtiyac olduğunu vurğulayıb: “Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun”.
Həmçinin Qarabağda və Şərqi Zəngəzurda quruculuq işləri davam edir. Ölkə başçısı bildirib ki, birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşası nəzərdə tutulurdusa, son planlara görə, bu say 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaq. Beləliklə, 700-dən çox ailə cari ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcək. Bütün bunlarla paralel surətdə vaxtilə erməni qəsbkarları tərəfindən qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. Bu ərazilərdə məskunlaşma işlərinə də cari ildə başlanılacaq. Həmçinin Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir.
Ceyhun Piriyev, “İki sahil”
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır