Cari ilin birinci rübündə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 912,2 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,2 faiz artım deməkdir.
Hesabat dövründə qeyri-neft ixracının 18,3 faizi SOCAR-ın iki müəssisəsinin payına düşüb. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 90,5 milyon dollarla ikinci, “SOCAR Polymer” MMC isə 76,8 milyon dollarla üçüncü olub.
Qeyri-neft sektoru üzrə ixrac həyata keçirən dövlətə məxsus olan şirkətlərin siyahısına “Azərenerji” ATSC başçılıq edir. Siyahıda, həmçinin “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Şəki Şərab” MMC, “ASK Tütün” MMC kimi müəssisələr yer alıb. Həmçinin qeyri-dövlət ixracatçı subyektləri arasında “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Global Cable” MMC, “Baku Steel Company” QSC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Almeyvə” MMC, “Khan-El” MMC kimi şirkətlər ilk onluqda təmsil olunublar.
Müəssisələrin qeyri-neft ixracı üzrə reytinqi ən çox ixrac olunmuş məhsulların sıralamasına da aydınlıq gətirir. Belə ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (281,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda ilkin formalı polietilen (42,8 milyon ABŞ dolları) ikinci, meşə fındığı ixracı (38,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Birinci rübdə elektrik enerjisinin ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə artmaqla qeyri-neft ixracının 30,8 faizinə bərabər olub. Meşə fındığının və ilkin formalı polietilenin ixracı isə azalıb.
Birinci rübdə spirtli və spirtsiz içkilərin ixracı 6,9 dəfə, şəkər ixracı isə 28,6 faiz artıb. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 178,9 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-mart ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,4 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,3 faiz artıb.
Qeyd edilənlər qeyri-neft ixracının coğrafiyasında da əksini tapıb. Belə ki, 2023-ci ilin yanvar-mart ayları ərzində Türkiyəyə 339,9 milyon, Rusiya Federasiyasına 200,7 milyon, Gürcüstana 109,2 milyon, İsveçrəyə 29,7 milyon, Qazaxıstana isə 27,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Burada qardaş ölkəyə qeyri-neft ixracının dəyərinin digərləri ilə müqayisədə kəskin fərqlənməsi diqqəti çəkir. Belə ki, birinci rübdə Türkiyəyə ixracın dəyəri hətta Rusiyaya ixracdan 70 faizə yaxın çox olmaqla qeyri-neft ixracının 37,3 faizini təşkil edib. Buna səbəb bu ölkəyə elektrik enerjisi ixracının kəskin artmasıdır.
Ceyhun Piriyev, “İki sahil”