04 may 2023 02:57
596

Kiçik sahibkarlığın inkişafına dəstək

Obyektlərin kvadratmetri bir manatdan başlayan qiymətlərlə icarəyə verilməsinə başlanılıb

Azərbaycanda kvadratmetri bir manatdan başlayan qiymətlərlə qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə başlanılıb. Regionlarda yerləşən obyektlərin müxtəlif iqtisadi sahələrə cəlb edilməsi mümkündür.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kiçik sahibkarlığın inkişafına dəstək ola biləcək yenilik edib. Ölkə ərazisində, xüsusilə bölgələrdə yerləşən qeyri-yaşayış sahələrinin obyektləri kvadratmetri bir manatdan başlayan qiymətlərlə icarəçilərə təklif edilir. İlkin olaraq Hacıqabul rayonunda yerləşən obyektlər icarəyə verilir.

Bununla bağlı, Dövlət Xidməti “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na uyğun olaraq, qeyri-yaşayış sahələrinin (obyektlərin) icarəyə verilməsi üzrə müsabiqə elan edib. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.

Qurumdan bildirilib ki, icarə üçün təklif olunan obyektlər biznesə başlayanlar, kiçik sahibkarlar üçün olduqca əlverişlidir. Bu kateqoriyadan olan biznes sahibləri əldə edəcəkləri qeyri-yaşayış sahələrində müxtəlif ticarət təyinatlı işləri (ərzaq, meyvə-tərəvəz, gündəlik tələbat malları, elektrik cihazları və avadanlıqları, ehtiyat hissələri, geyim və s.) həyata keçirə bilərlər. Həmçinin obyektlər xidmət (ofis, bərbərxana, gözəllik salonu, təmir, bərpa, dərzi, çay, kofe və s.), istehsal (yarımfabrikatlar, məhsullun qablaşdırılması, kiçik istehsal avadanlıqları, şirniyyat və un məmulatları, meyvə və tərəvəz emalı sahəsi və s.) sahələri üçün də uyğundur.

Qurumdan bildirilib ki, sifarişçilər müsabiqədə iştirak etmək üçün 8 may 2023-cü il tarixinədək müraciət edə bilərlər. Müsabiqəyə yekun vurularkən maksimum həcmdə icarə haqqı təklif edən sifarişçiyə üstünlük veriləcək. Həmçinin dövlətin balansında olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsi digər şəhər və rayonlarda da davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Xidməti tərəfindən cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 631 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 150-si qeyri-yaşayış, 481-i isə torpaq sahələri üzrə olub. Bununla da daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən yanvar-mart ayları ərzində dövlət büdcəsinə 7,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Ceyhun Piriyev, “İki sahil”