04 may 2023 16:29
440

Pekində "Ələt Azad İqtisadi Zonası" mövzusunda biznes forum keçirilib- FOTO

Çinin paytaxtı Pekində “Ələt Azad İqtisadi Zonası – Azərbaycan-Çin iqtisadi əlaqələrində yeni əməkdaşlıq imkanları” mövzusunda biznes forum keçirilib.

Azərbaycanın Çindəki Səfirliyi, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu, Maşınqayırma və Elektronik Məhsulların İdxal və İxracı üzrə Çin Ticarət Palatasının (CCCME) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 100-dən çox Çin şirkəti iştirak edib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı açılış nitqində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, habelə ölkənin müxtəlif sahələrinə yatırılan investisiyaların artımı və qeyri-neft sektorunun inkişafı daxil olmaqla, Azərbaycan iqtisadiyyatı haqqında məlumat verib.

Daha sonra, CCCME sədri Can Yücin CCCME-nin Azərbaycan ilə geniş əməkdaşlıq imkanlarından bəhs edərək, Palatanın üzv şirkətlərinin və Çin investorlarının Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) yaradılmış əlverişli biznes mühiti haqqında məlumatlandırılacağını vurğulayıb.

Ardınca, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov geniş təqdimatla çıxış edib. O, bildirib ki, Zona Azərbaycan hökumətinin həyata keçirdiyi ixracyönümlü, çoxşaxəli və beynəlxalq rəqabətə davamlı iqtisadiyyatın tarazlı inkişafını təmin edən ümumi siyasətin əsas tərkib hissələrindən biridir. O, ərazidə investorlara təqdim edilən fiskal və qeyri-fiskal imtiyazlar paketi, habelə Zonanın strateji coğrafi mövqeyi, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və nəqliyyat-logistika mərkəzləri haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. V.Ələsgərov Ələt Azad İqtisadi Zonasının unikal qanunvericilik bazasının olduğunu xüsusilə vurğulayaraq, Zonanın fəaliyyəti, inkişafı və idarə edilməsinə dair qanunverilicik bazasının Parlament tərəfindən qəbul olunmuş və dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının üstün qanunu kimi təsdiq edilmiş Ələt Azad İqtisadi Zonası” haqqında qanuna və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun qəbul etdiyi və təkmilləşdirilən daxili qaydalarına əsaslandığını qeyd edib. İdarə Heyətinin sədri, Zonanın qabaqcıl idarəetmə təcrübəsinə və innovativ texnologiyalara əsaslanan yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı və müvafiq xidmətləri təmin edə biləcək investorların ehtiyaclarına xidmət göstərdiyini bildirib və Çinli investorları ərazidə yaradılan əlverişli biznes mühiti ilə tanış olmağa dəvət edib.

Biznes forum sual-cavab sessiyası ilə yekunlaşdırılıb.