05 may 2023 01:57
613

Uçot dərəcəsi artsa da, proqnoz dəyişməyib

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə artırıb. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 9 faizə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7,5 faizə, faiz dəhlizinin yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 10 faizə qaldırılıb.

Mərkəzi Bankın qərarla bağlı bəyanatında bildirilir ki, uçot dərəcəsi artırılarkən daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınıb. Xatırladılır ki, mart ayında illik inflyasiya 13,6 faiz təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır. Ancaq bu, təkcə Azərbaycan üçün xarakterik deyil. Belə ki, qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meyilinin təsiri ilə Azərbaycanın əsas ticarət tərəfdaşlarında da faktiki inflyasiya nisbətən səngiyib. Dünya Bankının əmtəə bazarları haqqında aprel hesabatına əsasən, martda aylıq əsasda enerji qiymətləri 6,3 faiz, qeyri-enerji qiymətləri 2,2 faiz azalıb. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin martında aylıq 2,1 faiz azalıb.

Sözügedən qərarda tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olmasının qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəklədiyi qeyd edilib. Bildirilir ki, əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin əlverişli qalması və qeyri neft-qaz ixracının artımı cari əməliyyatlar hesabının ilin sonuna da profisitli olacağını gözləməyə əsas verir. Bu özünü valyuta bazarında da göstərir. Belə ki, 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97 faizində təklif tələbi üstələyib.

Lakin qlobal və milli iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalmaqda davam edir. Belə ki, faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələyib. Belə ki, ərzaq məhsullarının inflyasiyası 16,8 faiz, qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11,6 faiz və 10,8 faiz təşkil edib. Həmçinin mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12,7 faiz olub. Cari ilin fevral ayında illik idxal qiymətlərinin artımı isə 20,4 faiz təşkil edib. Bununla yanaşı, əhalinin gəlirlərinin artdığı şəraitdə məcmu tələb genişlənməkdədir. Nəticədə 2023-cü ilin 3 ayında əhalinin nominal gəlirləri 15,2 faiz artıb.

Qərarda nüfuzlu ekspertlərin fikirlərinə istinadən bildirilir ki, mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Ancaq Mərkəzi Bankın baza ssenari üzrə fərziyyələrinə görə 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır.

Qurum bəyan edib ki, inflyasiyanın daxili və xarici risklərini nəzərə alaraq antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Həmçinin pul siyasətinin inflyasiyaya təsirlərini gücləndirmək istiqamətində islahatlar aparılmaqdadır.

Ceyhun Piriyev, “İki sahil”