19 may 2023 01:14
358

Regionların inkişafı dair Dövlət proqramları: Uğura aparan yol

Ölkəmizdə regionların inkişafı həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İndiyədək bu sahədə qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına imkan yaradıb.

Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri Dövlət proqramlarının icrasını sürətləndirməklə regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verib. Proqramların icra olunduğu dövr ərzində dövlət başçısı bir çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub, yerlərdə ictimaiyyət nümayəndələri ilə, o cümlədən sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə yaxından maraqlanıb, eyni zamanda müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində sərəncamlar imzalayıb.

Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki üç Dövlət Proqramının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icra olunduğu müddətdə dövlət büdcəsinin gəlirləri 21,6 dəfə, xərcləri isə 22,2 dəfə artıb. Bu dövrdə əhalinin nominal gəlirləri 10 dəfə və əhalinin banklardakı əmanətləri 36,7 dəfə artıb. Minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10 dəfə çoxalıb. 2003-cü illə müqayisədə 2021-ci ildə orta aylıq nominal əməkhaqqı 9,5, pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə yüksəlib.

Hazırda icra edilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” cari ildə başa çatır. Bu müddətin bir hissəsini COVID-19 pandemiyası əhatə etsə də regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər davam etdirilir.

Əvvəlki Dövlət proqramlarından fərqli sonuncu sənəd faktiki olaraq Azərbaycanın bütün ərazisini əhatə etməkdədir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq Qarabağ və Şərqi Zəngəzurda sıfırdan yeni şəhər və kəndlər salır. Son 3 ildə bu istiqamətdə yenidənqurma və bərpa işlərinə 6,6 milyard dollardan çox vəsait ayrılıb. Nəticədə bütün azad olunmuş ərazilərdə elektrik təchizatı bərpa edilib, bir neçə su elektrik stansiyasının açılışı olub.  Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur.

Təkcə 2023-cü ilin yanvar-aprel aylarında Bakı şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binası, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, Neftçala rayonunda Neftçala Olimpiya İdman Kompleksi, Salyan rayonunda “Asan xidmət” Mərkəzi, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzi, Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Ceyhun Piriyev, “İki sahil”