Azərbaycanda xarici valyutanın alqı-satqısı azalıb. Bu ilin birinci rübündə nağd valyuta bazarında 1 milyard ABŞ dolları ekvivalentində əməliyyat aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azdır.
Valyuta bazarındakı kiçilmə özünü hərraclarda da göstərib. Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının Dövlət Neft Fondu ilə birlikdə keçirdiyi valyuta hərraclarında 929,1 milyon ABŞ dolları məbləğində satış olub.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz azalma deməkdir. Mərkəzi Bank bəyan edib ki, cari ilin ötən 4 ayı ərzində valyuta hərraclarının 97 faizində təklif tələbi üstələyib. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin əlverişli qalması və qeyri neft-qaz ixracının artımı cari əməliyyatlar hesabının ilin sonuna da profisitli olacağını gözləməyə əsas verir. Bu özünü valyuta bazarında da göstərir.
Birinci rübdə banklarda xarici valyutada əmanət və depozitlərin həcmi 14,1 faiz, cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə 3,3 faiz bəndi azalaraq 41,6 faiz təşkil edib. Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı dövrün sonuna 50 faiz təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 2,7 faiz-bəndi aşağıdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindən 1 faiz-bəndi azalaraq 38,2 faiz təşkil edib.
Ölkəyə valyuta axınının artması ilə yanaşı, valyuta bazarının kiçilməsi ehtiyatların artmasına imkan yaradıb. Belə ki, bu il birinci rübündə Azərbaycanın valyuta ehtiyatları 4 milyard 541,3 milyon və yaxud 7,8 faiz artaraq 62 milyard 570,6 milyon ABŞ dolları təşkil edib. Dövlət Neft Fondunun valyuta ehtiyatlarında 4 milyard 404 milyon ABŞ dolları və yaxud 9 faiz , Mərkəzi Bankın valyuta ehtiyatlarında isə 137,3 milyon ABŞ dolları və yaxud 1,5 faiz artım olub.
Ümumiyyətlə, son 1 ildə isə ölkənin valyuta ehtiyatları 10 milyard 170,1 milyon ABŞ dolları və yaxud 19,4 faiz artıb. İl ərzində Dövlət Neft Fondunun valyuta ehtiyatları 8 milyard 173,6 milyon və yaxud 18,1 faiz, Mərkəzi Bankın valyuta ehtiyatları isə 1 milyard 996,5 milyon ABŞ dolları və yaxud 28 faiz çoxalıb. Birinci rübün sonuna ölkənin valyuta ehtiyatının 85,4 faizi və yaxud 53 milyard 437,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun, 14,6 faizi və yaxud 9 milyard 133 milyon ABŞ dolları isə Mərkəzi Bankın payına düşüb.
Avropa Yenidənqurma və İnkişaf Bankının "Regional Economic Outlook" adlı hesabatının may sayında Azərbaycanda iqtisadi artım iqtisadiyyatın xarici valyuta axınından əhəmiyyətli dərəcədə yararlanması ilə əlaqələndirilir. Vurğulanır ki, son iki il ərzində qeydə alınan güclü iqtisadi artım COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpa olması və yüksək karbohidrogen gəlirləri hesabına baş verib. Yüksək neft və qaz qiymətləri ixrac gəlirlərini yüksəldib, digər tərəfdən, əksəriyyəti azərbaycanəsilli olmaqla, əsasən Rusiya vətəndaşları tərəfindən həyata keçirilən pul köçürmələri 6 dəfə artıb.
Ceyhun Piriyev, “İki sahil”
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır