Mərkəzi Bank tərəfindən 2023-cü ilin birinci rübü üzrə ölkənin bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Qurumun açıqlamasında bildirilib ki, sorğu nəticələrinə əsasən hesabat dövründə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam edib. Bununla belə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meyilləri nəzərə çarpıb.
Sorğunun nəticələrinə görə, banklar biznes kreditləri üzrə qısamüddətli və milli valyutada verilən kredit şərtlərində yumşaltmanı azaldıb, o cümlədən xarici valyutda verilən kredit şərtlərində isə daha da sərtləşməyə gediblər. Bankların biznes kreditləşməsi üzrə siyasətlərində ötən rüblərlə müqayisədə yumşalmanın səngiməsi müşahidə olunub. Səngimə həm mikro, həm kiçik və orta sahibkarlıq (KOS) , həmçinin də iri sahibkarlara verilən kreditlər üzrə olub. Lakin iri sahibkarlara verilən kreditlər üzrə səngimə daha nəzərəçarpandır. Belə ki, borcalanların təminatının keyfiyyəti və bu təminatların reallaşması, maliyyələşmə dəyəri, habelə, iri kreditorların maliyyə vəziyyətinə dair risk faktorları biznes kreditləri üzrə kredit standartlarına sərtləşdirici təsir göstərib. Banklar arasında rəqabət, o cümlədən ümumi iqtisadi faktorlar standartlara yumşaldıcı təsir göstərsə də, uçot faiz dərəcəsi və inflyasiya sərtləşdirici təsir edib. Biznes kreditlərinin verilmə şərtlərində əsas sərtləşdirici faktorlar yuxarı riskli kreditlərə tətbiq olunan faiz marjası və məhdudlaşdırıcı meyarlar üzrə olub.
Cari ilin birinci rübündə biznes kreditlərinə tələbin artım tempində də səngimə müşahidə olunub. Səngimə əsasən qısamüddətli və milli valyutada verilən kreditlər üzrə olub. Xarici valyutada verilən biznes kreditlərinə tələb isə cüzi azalıb. Ancaq banklar biznes kreditlərinə tələbdə artım proqnozlaşdırırlar. Eyni zamanda, banklar iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə kredit şərtlərində sərtləşmənin, mikro və KOS kreditləri üzrə isə yumşalmanın olacağını gözləyirlər.
Birinci rübdə, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka standartları üzrə yumşalma tempində səngimə müşahidə edilib. Bu dövrdə İKZF-nin hesabına verilən ipoteka kreditlərinə tələb əhəmiyyətli dərəcədə artıb, bankların daxili resursları hesabına verilən ipoteka kreditlərinə tələbdə isə dəyişiklik olmayıb. Belə ki, banklararası rəqabət və portfelin keyfiyyəti ipoteka kreditləri üzrə standartlara yumşaldıcı, daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər və təminat riski isə sərtləşdirici təsir göstərib. Banklar ikinci rübdə həm İKZF, həm də daxili resurslar hesabına veriləcək kreditlərə tələbin yüksək olacağını və kredit siyasətinin yumşalacağını gözləyirlər.
İstehlak kreditlərinə gəlincə, onların standartlarının yumşaldılması səngiyib. Səngimə əsasən əməkhaqqı kreditləri və kredit kartları üzrə olub. İstehlak kreditləri üzrə əsas sərtləşdirici faktorlar inflyasiya, daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər və əhalinin ödəmə qabiliyyəti olub. Banklarla rəqabətin yumşaldıcı təsiri azalıb. İlk rüb ərzində istehlak kreditlərinə tələb artıb. Banklar ikinci rübdə istehlak kreditləri üzrə standartların yumşaldılmasını və tələbin artmasını gözlədiklərini bildiriblər.
Cari ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilib. Belə ki, sorğuya əsasən bankların 42 faizi əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, 54 faizi əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4 faizi isə orta dərəcədə azalma olduğunu qeyd edib.
Sorğunun nəticələrinə əsasən cari ilin ilk rübündə faiz dərəcəsi və likvidlik riskləri üzrə artım, digər risk göstəriciləri üzrə isə azalma müşahidə edilib. Kənd təsərrüfatı, sənaye, nəqliyyat, habelə, qeyri-istehsal və xidmət sahələri üzrə kredit riskində azalma, ticarət, tikinti, informasiya və rabitə sahələri üzrə isə kredit riskində artım olub.
Ümumilikdə, banklar 2023-cü ilin ikinci rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini və kredit tələbinin artacağını proqnozlaşdırıblar.
Ceyhun Piriyev, “İki sahil”