21 iyun 2023 03:21
393

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı mövqeyi daha da möhkəmlənir

Ölkəmizlə həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sırası genişlənir

Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da  möhkəmləndirir.   «Biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik.» Dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, etibarlılıq vacib amil idi. İkincisi isə əlbəttə ki, Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir.  Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə,  bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir.

Reallıq budur ki, ölkəmiz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Cənab İlham Əliyev bu il Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında bu mühüm məqama da xüsusi diqqət yönlətdi ki, özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın,  lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpa olunan enerjidən gedir.

Keçilən yolun təhlili Azərbaycanın enerji sektorunda hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olduğunu nümayiş etdirir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən  Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilməsi  onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayıb.

Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına  daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim  xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq yalnız   region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası, həmçinin bu reallığı təsdiqləyir ki,  nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir.  Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

Son illər dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərə, çıxışlara diqqət yetirsək görərik ki, Azərbaycanın bərpa olunan enerji sahəsində malik olduğu imkanlar əsaslı şəkildə diqqətə çatdırılır, bu sahəyə investisiyaların qoyulması günümüzün əsas çağırışları sırasında qeyd edilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də  Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi prioritetdir.

Məlum olduğu kimi, ötən ilin dekabr ayında  Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gələrək  yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. «Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Biz artıq təşkilat komitəsinin ilk iclasını keçirdik və razılıq əldə olundu. Belə ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur» söyləyən cənab İlham Əliyev bildirir ki,  bu layihə çərçivəsində  ən azı  4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik. Bu da  əlavə töhfəmiz olacaq.

Azərbaycanın  zəngin bərpa olunan enerji  potensialı mövcuddur. Artıq ilkin hesablaması aparılıb.  157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə  potensial çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.

Təkcə son iki ildə ənənəvi, eyni zamanda, bərpa olunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə  bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Məhz bu reallığa söykənərək dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında bildirdi ki, əlbəttə, görüləcək işlər çoxdur. TANAP,  TAP genişlənməli,  digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır.  Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməli,  komanda işi davam etdirməlidir. Çünki artıq yeni iştirakçılarımız, ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.

Qarşılıqlı səfərlər zamanı aparılan müzakirələrdə də enerji məsələləri əsas yer tutur. Bu günlərdə qardaş Türkiyənin Prezidenti  Rəcəb Tayyib Ərdoğanın, həmçinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri zamanı bu sahədə mövcud imkanlar geniş təhlil edilərək hədəflər açıqlandı. Azərbaycanın zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malik olduğunu bildirən Məhəmməd Şahbaz Şərif onu da qeyd etdi ki, əlbəttə, bu sahədə sıxıntımız var. Çox bahalı idxala bağlı olan ölkəyik.  Ötən il  bu sahəyə 27 milyard dollar xərclənib: «Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var. Biz arzularımızı gərgin əmək sayəsində həyata keçirə bilsək, əziz Qardaşım, Sizi inandırıram ki, biz çox bahalı olan bu xərci, yəni, nefti idxal etmək məsələsini Günəş enerjisi vasitəsilə mübadilə edə bilərik.»

Göründüyü kimi, ölkəmizlə həm  ənənəvi enerji, həm də  bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Belə ki, daim bu fikir qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu resurslar heç də   onların tərəqqisinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin iqtisadi strtaegiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Həmçinin bu layihələr dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır.

Hər dövrün öz tələbi, çağırışı vardır. Azərbaycan artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin reallıqlarını yaşayır. Bu torpaqların malik olduqları potensialdan gələcəkdə səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqləndi. Böyük Qayıdış proqramı tam tərkibdə reallığa çevrildikdən sonra Qarabağ və Şərqi Zəngəzur  yaşıl enerji məkanı kimi dünyanın diqqətində olacaq, böyük investisiyalar məkanına çevriləcək. Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpa olunan enerji növlərinin istehsalına maraq göstərir. İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları bərpa olunan enerji mənbələrindən  istifadə ilə bağlı investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bu isə öz növbəsində Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.  

Yeganə Əliyeva, «İki sahil»