28 mart 2016 22:06
461

Şəhid əsgərimiz dəfn edildi

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Qafarəli Hacıyev uğrunda öldüyü torpağa tapşırıldı.

"İki sahil" ANS PRESS-ə istinadən bildirir ki, dəfn mərasimi şəhidin böyüyüb boya-başa çatdığı Yevlax rayonunun Qaraoğlan kəndində olub.

19 yaşlı Qafarəli Hacıyevlə vida mərasimində rayon rəhbərliyi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Yevlax şöbəsinin əməkdaşları, hərbçilər və kənd sakinləri iştirak ediblər. Yaxınları vətən uğrunda canından keçən Qafarəli Hacıyevlə fəxr etdiklərini bildiriblər.

Şəhidin atası İntiqam Hacıyev şəhid oğlu ilə fəxr etdiyini deyib. "Vətən sağ olsun. Allah rəhmət etsin! Hər bir övladın vətənə xidmət borcudur. Fəxr edirəm ki,  mənim övladım vətən uğrunda şəhid olub". 

Şəhidin cənazəsi yüzlərlə insanın müşayiəti ilə kənd qəbristanlığına gətirilib. Tabutun üzərinə salınmış üçrəngli bayraq Qafarəli Hacıyevin atasına təhvil verilib. Dəfn mərasiminin sonunda Azərbaycan Respublikasının dövlət himninin sədaları altında havaya yaylım atəşi açılıb.

Müdafiə naziri Zakir Həsənovun əmri ilə əsgər Qafarəli Hacıyev ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medal ilə təltif edilib.