Ermənistanda istəyirlər ki, cəbhədə gərginliyi saxlamaqla bizə təsir edə bilsinlər. Lakin hər dəfə də bunun layiqli cavabını alırlar.
Bu barədə Milli.Az-a son günlər Ermənistan-Azərbaycan cəbhə xəttində yaranmış gərgin vəziyyəti şərh edən hərbi ekspert, keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenantYaşar Aydəmirov bildirib.
Sabiq birlik komandiri qeyd edib ki, ermənilər əvvəllər də işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlar üzrə cəbhə boyu çoxlu təxribat cəhdləri ediblər. Bu dəfə isə Ermənistanın kəşfiyyat-diversiya qrupu Qazax rayonunda Azərbaycanın dövlət sərhədini pozaraq təxribat törətməyə cəhd göstərib, lakin itkilərə məruz qalaraq geri çəkilməyə məcbur olublar. Təəssüf ki, bu zaman Azərbaycan tərəfi də iki nəfər şəhid verib.
General Y.Aydəmirov hesab edir ki, Ermənistan rəhbərliyi bu addımları ilə həm də öz əhalisini aldatmaq istəyir: "Axı başqa neyləsinlər?! Sözdə cavablarını alırlar. Əməllərində cavablarını alırlar. Artıq uzun illərdir deyə bilmirlər ki, hansısa uğurlu əməliyyatları olub, Azərbaycanın hansısa dayaq məntəqəsini dağıdıblar və əsgərlərimizi tutub aparıblar. Bunları edə bilmirlər. Heç hərbçilərimizin hərəkət yollarında mina basdırıb tələfata da məruz qoya bilmirlər. Onlar bu cür təxribatları ilə öz əhalisinə də yalan məlumatlar verməyə, onları və dünya ictimaiyyətini aldatmağa çalışırlar".
Hərbi ekspertin fikrincə, Ermənistanın sərhəddə bu cür təxribatlarla üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək cəhdləri də nəticə verməyəcək: "Onlar bu məsələdə heç bir uğur qazana bilməyəcəklər. Biz KTMT üzvlərinin mövqeyini də yaxşı bilirik. Onların nümayəndələri dəfələrlə bəyan ediblər ki, onlar Dağlıq Qarabağ münaqişəsində tərəf kimi iştirak etməyəcəklər. Çünki onların hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ona görə də bu barədə söhbət gedə bilməz".
Qeyd edək ki, martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur ediliblər. Düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olublar.
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb. Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır.
Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırıb.