Dövlətçiliyimizin təməllərindən biri də azərbaycançılıq məfkurəsidir.
Tarixən formalaşmış müxtəlif amilləri vahid bir sistem kimi dövlət idarəçiliyinin əsasına çevirən böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı Azərbaycan dilini, mədəniyyətini, milli- mənəvi dəyərləri, adət-ənənələri yaşatmaq kimi müəyyənləşdirir, milli ideologiyaya çevrilən azərbaycançılığı Azərbaycanı qoruyub saxlamaq, dövlətçiliyi möhkəmləndirmək vasitəsi kimi dəyərləndirirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini yaşatmalıyıq”. Hər bir azərbaycanlı fəaliyyətini belə müəyyənləşdirməlidir.
Azərbaycançılıq, digər sahələrdə olduğu kimi, ordu quruculuğunun da başlıca istiqamətini müəyyənləşdirir. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı məhz azərbaycançılıq ideologiyası əsasında qurulur.
Azərbaycançılığı şərtləndirən əsas amillərdən biri milli mənəvi dəyərlərdir. Bu dəyərlər sistemi vətənpərvərlik termini ilə ifadə olunur. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq olaraq Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müxtəlif vaxtlarda, müxtəlif regionlarda keçirdiyi tədbirlərin başlıca qayəsi vətənpərvərlikdir (azərbaycançılıqdır). Bu tədbirlər ayrılıqda da, vəhdətdə də cəmiyyətdə azərbaycançılığın təzahürüdür. “Ordum varsa, yurdum var”, “Xalq ordunun, ordu xalqın dayağı”, “Sənə inanırıq, ölkə rəhbəri, Sənə güvənirik, Vətən əsgəri”, “Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər”, “Qarabağa yaz gələcək”, ... kimi tədbirlərin (ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi, şair-publisist, polkovnik Abdulla Qurbani) mahiyyəti Silahlı Qüvvələrin şəxsi heyətinin vətənpərvərlik hisslərini azərbaycançılıq məfkurəsi əsasında formalaşdırmaq baxımından dəyərlidir.
Azərbaycançılığın ilkin şərti dildir. Tədbirlərin ssenarisinin Azərbaycan dilinin zənginliklərinə vaqiflik əsasında yazılması da diqqət çəkir; tədbirlərdə folklor nümunələrinə, bu sıradan bayatılarımıza, deyimlərimizə istinad edilir ki, bu da fikrin təsirini daha da artırır, vətənpərvərliyin (azərbaycançılığın) zərrə-zərrə formalaşmasına zəmin yaradır. Mətnlərin əksəriyyətinin şeirlə təqdim edilməsi həm forma yeniliyi, həm də kəsərliyi ilə səciyyəvidir. Məlum həqiqətdir ki, şeir, poetik təhkiyyə duyğulara, düşüncələrə daha güclü təsir göstərir. Bu baxımdan ssenari müəllifi tədbirlərdə obrazların ictimailəşdirdiyi fikirlərin əksəriyyətini yüksək poetik dəyərə malik şeirlərlə təqdim edir:
Bu Vətənin
Daşı-dağı,
Gur bulağı,
axar suyu,
zərif gülü,
tər çiçəyi,
Çiçəyində ləçəyinin
şehi ilə vətənləşək,
Çiçəklərə sığal çəkən
mehi ilə vətənləşək!..
Nizaminin,
Füzulinin,
Nəsiminin, ...
Yer üzünə heyrət olan
əsəriylə vətənləşək,
Xətainin qılıncının
kəsəriylə vətənləşək!..
Dədə Qorqudluq işartıları olan kəlamlar Vətənin əsrarəngiz təbiətinin söz təsvirləridir və mahiyyət etibarilə azərbaycançılıqdır...
Dövlətçiliyimizin möhkəmləndirilməsində digər amillərlə bir sırada azərbaycançılıq da mühüm ideoloji vasitələrdəndir. Ordu ilə xalqın birliyini təmin edən azərbaycançılıq məfkurəsi ərazilərimizin işğaldan azad edilməsini də təmin edəcəkdir.
Horadizdə keçirilən tədbirdə xüsusi təyinatlılar müxtəlif təmrinləri yerinə yetirdilər. Piramida şəkilli düzülüş də, sonuncu əsgərin üçrəngli bayrağımızı ucalıqda dalğalandırması da ssenari müəllifinin yozumunda azərbaycançılığın, ucalıq Şuşanın, əsgərlər ordunun rəmzi idi.
Əksəriyyəti özünəməxsus tarix dərsi təsirində qəbul edilən teatrlaşdırılmış tədbirlərdə müxtəlif dövrlərdə yaşamış sərkərdələrimizin, dastan, nağıl qəhrəmanlarımızın, şairlərimizin, ... obrazlaşdırılmasını təkcə tədbirin məzmunu ilə məhdudlaşdırmaq insafsızlıq olardı. Bunlar həm də azərbaycançılıq məfkurəsinə xidmət kimi dəyərlidir...
Milli ənənələrimiz hər birimizi yaxın-uzaq tariximizlə də, bu günümüzlə də yaşadır, sabahlarımızın ruhmisallı yoluna dönür. Bu, azərbaycançılıqdır. Bu ənənələrdən biri Vətən yolunda can əsirgəməyənlərə qədərsiz sayğıdır. Tədbirlərdə şəhidlərimizin ruh qiyafəsində gəlişi, əsgərlərə tövsiyəsi müqayisəyəgəlməz səviyyədə təsirli olur. Beyləqanda keçirilən tədbirdə şəhid atası oğlunun obrazını yaradan əsgəri bağrına basdı. “Özün də, sözün də mənə dərdimi unutdurdu, ay oğul. Bu gündən oğul bilirəm səni...” - dedi şəhid atası. Bir anlıq sükutun mahiyyəti böyük bir mətləbin söz təsdiqi idi.
Ağsaqqal kəlamını dinləmək, bu kəlamı, müəyyən mənada, yaşam düsturu eləmək də milli mənəvi dəyərlərimizdəndir. Gədəbəydə “Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər” tədbiri məhz bu amil müstəvisində keçirildi. Əsgərlər ağsaqqalların tövsiyələrini Vətənin tövsiyəsi bildilər. Onlar Vətənin kəlamlarını xidmət yoldaşlarına da çatdıracaqdılar; bu tədbirin zəmanəti ilə ağsaqqal kəlamı Silahlı Qüvvələrimizdə dədə öyüdü kimi yaşam qazandı...
Tədbirlərdə Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilir. “Çağırış”, “Yol verin, əsgər gəlir”, “Vətən bayatıları”... kimi mahnıların aşıladığı duyğular mükəmməl təsirə malikdir.
Tədbirlərdən birində “Vətən bayatıları” səslənirdi. Mahnını “yaralı əsgər” səsləndirirdi.
Burda yolum oldu tən,
Varmı bu yoldan ötən?!
Bu dünyada ən şirin,
Bir anadır, bir Vətən, -
misraları səslənincə “yaralı əsgəri” öz oğlu bilən bir ana hıçqırıq içində “Can, ay bala”, - dedi. Mənəvi dəyərlər sırasında soydaş dərdini öz dərdi bilmə kimi ali, bəşəri bir duyğu da var. Tədbir bu duyğunun da yaşarı olmasına sayğı kimi dəyərləndirilməlidir...
Bu qəbil tədbirlər Silahlı Qüvvələrimizin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını məhz azərbaycançılıq məfkurəsi əsasında formalaşdırır. General-mayor Rasim Əliyevin Xocavənddə keçirilən tədbirdə dediyi kimi, Tədbirlərin ümumi mahiyyəti ordu ilə xalqın birliyinin təsdiqidir, vətənsevərlikdir, azərbaycançılıqdır... Bu baxımdan Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müxtəlif vaxtlarda, müxtəlif regionlarda keçirdiyi tədbirləri mənəvi dəyərlərə söykənən, yüksək təsir gücünə malik olan əsərlər hesab etmək mümkündür...
Rəşid Faxralı