28 iyun 2023 03:46
495

Gənclərimiz "Şərq tərəfdaşlığı gənclər seminarı"da iştirak ediblər

Azərbaycanlı gənclər İsveçdə keçirilən "Şərq tərəfdaşlığı gənclər seminarı"na qatılıb.

“İki sahil” xəbər verir ki, İsveçin paytaxtı Stokholm şəhərində Şərq Tərəfdaşlığı ölkələrinin dövlət qurumları, Qeyri-Hökumət Təşkilatları, o cümlədən Gənclərin Milli Şuralarının nümayəndələrinin iştirakı ilə “Şərq tərəfdaşlığı gənclər seminarı” adlı tədbir baş tutub.

Avropa Komissiyasının dəstəyi ilə 3 gün müddətində davam edən tədbirdə bir qrup azərbaycanlı gənclər də qatılıb. Nümayəndə heyətimizin tərkibində dövlət və gənclər sektorunun nümayəndələri təmsil olunub.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Baş katibi Ramin Həbibzadə və NAYORA-nın üzv təşkilatı Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə də nümayəndə heyətinin tərkibində tədbirdə iştirak edib.

Proqram çərçivəsində ilk olaraq İsveç Xarici İşlər Nazirliyində rəsmi açılış mərasimi reallaşıb. Açılışda Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov da gənclərimizə qatılıb.

Tədbirin ikinci günündə Şərq Tərəfdaşlığı ölkələrində gənclər sahəsində fəaliyyətlərlə əlaqədar müzakirələr aparılaraq, təkliflər səsləndirilib, həmçinin İsveç Gənclərin Milli Şurasının ofisində təqdimat təşkil edilib.

Qeyd edək ki, səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədovla görüşərək Skandinaviya ölkələrində gənclərlə iş sahəsində həyata keçirilməsi mümkün olan layihələrlə bağlı müzakirələr aparılıb.