21 iyul 2026 23:37
82

Peşə seçimi və iş axtarışı rəqəmsal mərhələyə keçir

İqtisadçı: “Peşələr üzrə elektron atlas" insanların ixtisas seçimini, yenidən ixtisaslaşmasını və peşə bacarıqlarının artırılmasını əmək bazarının real tələblərinə uyğun istiqamətləndirəcək

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bu imkanların dövlət xidmətlərinə inteqrasiyası da yeni mərhələyə qədəm qoyur. Azərbaycanda məşğulluq sahəsində həyata keçiriləcək növbəti islahatlar da məhz rəqəmsal həllərin və süni intellektin tətbiqinə əsaslanacaq. Bu yanaşmanın əsas məqsədi işaxtaranlarla işəgötürənlər arasında əlaqəni daha səmərəli qurmaq, əmək bazarında mövcud olan məlumatların operativ emalını təmin etmək və vətəndaşların bacarıqlarına uyğun iş imkanlarına çıxışını asanlaşdırmaqdır.

Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması nəzərdə tutulur. Sənədə əsasən, bu texnologiyalardan istifadə edən vətəndaşların sayının artırılması məqsədilə müvafiq təkliflər hazırlanacaq və yeni rəqəmsal alətlər formalaşdırılacaq.

Əmək bazarında doğru peşəni seçmək daha asan olacaq

Planın mühüm istiqamətlərindən biri də "Peşələr üzrə elektron atlas" informasiya sisteminin yaradılmasıdır. Bu platforma əmək bazarında mövcud peşələr, onlara olan tələbat, tələb olunan bilik və bacarıqlar barədə vahid informasiya bazası rolunu oynayacaq. Beləliklə, işsiz və işaxtaran şəxslər əmək bazarının real ehtiyaclarını daha aydın görə, öz bilik və bacarıqlarını həmin tələblərə uyğun inkişaf etdirə, gələcək karyeralarını daha düzgün planlaşdıra biləcəklər.

Eyni zamanda, rəqəmsal həllərin tətbiqi məşğulluq xidmətlərinin çevikliyini artırmaqla yanaşı, vakansiyaların uyğun namizədlərlə daha qısa müddətdə əlaqələndirilməsinə də şərait yarada bilər. Süni intellekt istifadəçinin təhsili, peşə hazırlığı, iş təcrübəsi və bacarıqlarını təhlil edərək ona uyğun vakansiyaları müəyyənləşdirmək, eyni zamanda əmək bazarında daha çox tələb olunan peşələri ön plana çıxarmaq imkanına malikdir. Bu isə həm işaxtaranların, həm də işəgötürənlərin vaxt itkisini azaltmaqla əmək bazarında uyğunlaşma prosesinin daha effektiv təşkilinə xidmət edə bilər.

Tədbirlər Planının icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Mütəxəssislərin fikrincə, nəzərdə tutulan rəqəmsal yeniliklərin uğurlu tətbiqi yalnız məşğulluq xidmətlərinin müasirləşdirilməsinə deyil, həm də əmək bazarında informasiya əlçatanlığının artırılmasına, peşə seçiminin daha düzgün istiqamətləndirilməsinə və kadr hazırlığının bazarın tələblərinə uyğunlaşdırılmasına töhfə verə bilər.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “İki sahil"ə açıqlamasında bildirdi ki, süni intellektin müxtəlif sahələrdə tətbiqi getdikcə genişlənəcək və hazırda bunun ilkin mərhələsini müşahidə edirik: "Süni intellekt qərarların qəbulunda, informasiyanın emalı və ötürülməsində, eləcə də kommunikasiya proseslərində daha geniş istifadə olunacaq. Bu texnologiya insanların daha məhsuldar və düzgün qərarlar verməsinə, eyni zamanda, vaxta qənaət etməsinə imkan yaradır".

Ekspertin sözlərinə görə, əmək bazarında əsas problemlərdən biri məlumat çatışmazlığı və işçi ilə işəgötürən arasında informasiya əlaqəsinin kifayət qədər effektiv qurulmamasıdır: "Süni intellekt əsaslı məşğulluq xidmətləri bu problemi aradan qaldırmağa kömək edə bilər. Sistem işaxtaranın təhsilini, bacarıqlarını və iş təcrübəsini təhlil edərək ona uyğun vakansiyaları müəyyənləşdirəcək. Bu, həm işaxtaranın, həm də işəgötürənin vaxt itkisini azaldacaq, düzgün kadrın düzgün iş yeri ilə daha operativ uyğunlaşdırılmasını təmin edəcək".

X.Kərimli hesab edir ki, "Peşələr üzrə elektron atlas" da əmək bazarının ehtiyaclarını daha aydın görməyə imkan verəcək: "Elektron atlas işaxtaranlara hansı peşələrə tələbatın yüksək olduğunu göstərəcək. Bu da insanların ixtisas seçimini, yenidən ixtisaslaşmasını, ixtisasartırma kurslarını və müxtəlif təlim proqramlarını əmək bazarının real tələbatına uyğun planlaşdırmasına şərait yaradacaq."

İqtisadçı əlavə etdi ki, belə rəqəmsal həllər əmək bazarında informasiya asimmetriyasını azaltmaqla yanaşı, struktur işsizlik və peşə uyğunsuzluğu kimi problemlərin həllinə də müsbət təsir göstərə bilər: "Əmək bazarının ən böyük problemlərindən biri informasiyanın vaxtında və dolğun şəkildə əldə olunmamasıdır. Elektron sistemlər bu boşluğu aradan qaldırır və bazarın daha səmərəli işləməsinə şərait yaradır".

Nigar Orucova, "İki sahil"