21 iyul 2026 20:15
157

Ürək cərrahiyyəsində uğurun əsası əməliyyatdan əvvəl və sonrakı mərhələdə qoyulur

İlqar Heybətov: Ürək cərrahiyyəsi möcüzə yaratmır, əldə olunmuş nəticəni qorumaq pasiyentin həyat tərzindən asılıdır

Ürək və damar cərrahiyyəsində uğurlu nəticə təkcə əməliyyatın gedişindən deyil, diaqnostikadan başlayaraq əməliyyatdan sonrakı reabilitasiya dövrünə qədər bütün mərhələlərin düzgün idarə olunmasından asılıdır. Mütəxəssislər bildirirlər ki, pasiyentin öz sağlamlığına məsuliyyətli yanaşması uzunmüddətli müalicə nəticələrinin qorunmasında mühüm rol oynayır.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov "İki sahil"ə özəl müsahibəsində bildirib ki, uğurlu ürək cərrahiyyəsi yalnız əməliyyat otağında başlamır və orada da bitmir. Yaxşı nəticə diaqnozun düzgün qoyulmasından, əməliyyatın vaxtında planlaşdırılmasından, cərrahın təcrübəsindən, anestezioloji və reanimasiya xidmətinin keyfiyyətindən, eləcə də pasiyentin öz məsuliyyətindən asılıdır.

İ.Heybətov qeyd edib ki, əməliyyatdan əvvəl qan təzyiqinin, qan şəkərinin, böyrək və ağciyər funksiyalarının optimallaşdırılması ağırlaşmaların riskini əhəmiyyətli dərəcədə azaldır. Bu dövr bəzən əməliyyatın özü qədər vacib olur.

O əlavə edib ki, əməliyyatdan sonrakı dövrdə pasiyentin həyat tərzi əsas rol oynayır. Siqaret çəkməyə davam edən, təyin olunmuş dərmanları qəbul etməyən, arterial təzyiqi və şəkəri nəzarətdə saxlamayan xəstələrdə uzunmüddətli nəticələr xeyli pisləşir.

Ürək cərrahı vurğulayıb ki, ürək cərrahiyyəsi möcüzə yaratmır. O, xəstəliyi aradan qaldırır və ya düzəldir. Lakin əldə olunmuş nəticəni qorumaq pasiyentin həyat tərzindən asılıdır. Buna görə biz əməliyyatı müalicənin sonu deyil, yeni və sağlam həyatın başlanğıcı hesab edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”