21 iyul 2026 19:15
193

Müalicə üsulu sosial şəbəkələrdə yayılan fikirlərlə deyil, xəstənin klinik vəziyyətinə əsasən müəyyənləşdirilməlidir - İlqar Heybətov

Ürək-damar xəstəliklərinin müalicəsi ilə bağlı cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər formalaşıb. Mütəxəssislər bildirirlər ki, stentləşdirmə və koronar şuntlama arasında seçim xəstənin istəyinə deyil, tibbi göstərişlərə əsaslanmalıdır.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov "İki sahil"ə özəl müsahibəsində bildirib ki, pasiyentlər arasında "stent qoyulduqdan sonra əməliyyata ehtiyac olmur" və ya "bypass son seçimdir" kimi fikirlər geniş yayılıb. Halbuki bu yanaşmalar tibbi baxımdan doğru deyil.

İ.Heybətov qeyd edib ki, stentləşdirmə və koronar şuntlama bir-birinin rəqibi deyil, müxtəlif klinik vəziyyətlər üçün nəzərdə tutulmuş iki fərqli müalicə üsuludur. Bir və ya iki damarın məhdud daralması zamanı damar daxilindən aparılan müdaxilə uğurlu nəticə verə bilər. Lakin çoxdamarlı koronar arteriya xəstəliyi, sol tac arteriyasının ciddi daralması, şəkərli diabet fonunda geniş yayılmış damar zədələnməsi və ürək funksiyasının zəiflədiyi hallarda koronar şuntlama uzunmüddətli nəticələr baxımından daha üstün hesab olunur.

O əlavə edib ki, cəmiyyətdə geniş yayılmış digər yanlış fikir koronar şuntlama əməliyyatının yalnız "son çıxış yolu" və ya "ən ağır xəstələr üçün nəzərdə tutulmuş əməliyyat" olmasıdır. Əslində isə bir çox xəstələr üçün məhz cərrahi müalicə ilk seçim hesab olunur və bu yanaşma onların ömür uzunluğunu artırır, həyat keyfiyyətini yaxşılaşdırır, eyni zamanda gələcəkdə təkrar müdaxilə ehtimalını azaldır.
İ.Heybətov vurğulayıb ki, müalicə üsulu sosial şəbəkələrdə oxunan məlumatlara və ya pasiyentin şəxsi istəyinə əsasən deyil, xəstənin klinik vəziyyəti, görüntüləmə müayinələrinin nəticələri və müxtəlif ixtisaslı həkimlərin birgə qərarı əsasında seçilməlidir. Onun sözlərinə görə, müasir ürək cərrahiyyəsində əsas məqsəd hər bir pasiyent üçün ən təhlükəsiz və uzunmüddətli nəticə verən müalicə üsulunu müəyyənləşdirməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”