21 iyul 2026 22:14
97

70 yaşın işığında

Və ya ömrünün 40 ilini əfsanəvi Neft Daşlarına həsr edən insan

Ulu Tanrı Azərbaycana neft kimi qiymətli sərvətlə bərabər, xalqımızı ləyaqətlə təmsil edən, bir millət kimi onun şöhrətini artıran şəxsiyyətlərdə bəxş etmişdir. Belə şəxsiyyətlərdən biri də bu günlərdə 70 yaşı tamam olan, Əmək veteranı, “Tərəqqi” medallı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Respublika Neft-Qaz sənayesi işçiləri Həmkarlar ittifaqı Komitəsinin Fəxri fərmanları ilə təltif olunan “Fəxri neftçi”, ömrünün 40 ilini əfsanəvi Neft Daşlarına həsr edən Zeynal Abdullayevdir.

O, 70 il əvvəl Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Oğlanqala kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Uşağlığı Arpa çayının sahilində keçib. O atası Zeynalabdini erkən yaşında itirib. Üç qardaş, bir bacının qayğıları, ev-eşiyin ağırlığı anası Xanumzər xanımın çiyinlərinə düşüb. Övladlarının xoşbəxt böyüməsi üçün ana gecə-gündüz bilmədən çalışaraq əlindən gələni əsirgəməyib.

Xanumzər ana övladlarına, eyni zamanda Zeynala mükəmməl ali təhsil verib. O, səkkiz illik təhsilini kənd orta məktəbində alıb. IX-X sinifləri 1 saylı Bakı riyaziyyat təmayüllü məktəbdə davam etdirib. Azərbaycan İnşaat Mühəndisləri İnstitunu bitirərək, hidrotexniki qurğuların tikintisi üzrə mühəndis ixtisasına yiyələnib.

1979-cu ilin avqustunda təyinatla Neft Daşlarındakı Neft Qaz Çıxarma İdarəsinə göndərilən Zeynal əmək fəaliyyətinə quraşdırıcı kimi başlayır. Orta məktəbdə, ali məktəbdə öyrəndikləri dəniz şəhərində həyat sınağının çətinlikləri zamanı gənc mütəxəssisin əlindən tutur, onu büdrəməyə qoymur. İllər ərzində təcrübə toplayan Zeynal Abdullayev püxtələşir, kamilləşir. Ona inanırlar, etibar edirlər…

Hidrotexniki qurğuların istehsalatı şöbəsinin böyük mühəndisi, şöbə müdürü, Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş mühəndisi, rəisi vəzifələrinə irəli çəkilir. 2006-cı ildən Neft Daşları Neft Qaz Çıxarma İdrarəsinin ümumi məsələlər üzrə rəis müavini vəzifəsinə təyin edilir. Ayrı-ayrı illərdə neft sənayesinin tanınmış simaları - Səyyad İbrahimov, Alçın Şirinzadə, Vaqif Hüseyinov, Nuru Nuriyev, Şahin İsmayılov, Məhəmməd Ağayev, Mircəfər Seyidov, İbrahim İsayev, Eldar Əfəndiyev, Rəhman Qurbanov, Fazil Nağıyev, Əli Kərimov, Şahmar Hüseyinov, Bayram Bayramov, Sosialist Əməyi Qəhramanları, Qurban Abbasov, Xanoğlan Bayramov kimi simalarla çiyin-çiyinə işləmək nəsib olub. Onlardan öyrənib, sonradan özü də gənc nəslin hami tərbiyyəçisi olub, ilklərə imza atıb.

Müasir Neft Daşlarının inkişafında Zeynal Abdullayevin zəhməti danılmazdır. Dəniz şəhərində müxtəlif istiqamətdə istehsalat vəsiqəsi almış müxtəlif təyinatlı hidrotexniki qurğuların təkmilləşdirilməsi istiqamətində həyata keçirilən texniki tədbirlərə xüsusi diqqət ayıran Zeynal müəllim bir rəis müavini kimi növbəli şəkildə çalışan, yaşayan sakinlərin gündəlik qayğıları, ümumi sosial problemlərinin həlli yollarında qəti addımlar atıb (iki il “Abşeronneft” NQÇİ də çalışdığı zamanda da). Dəniz şəhərində salınan möhtəşəm park, abadlıq, quruculuq işlərində də onun zəhmətkeş əlinin xüsusi sığalı var.

Zeynal müəllim ümumxalq maraqlarına xidmət edən şəxslərdəndir. Bu istiqamətdə bilik və bacarığını, tükənməz enerjisini əsirgəməmişdir. Zeynal müəllim heç vaxt dayanmaq bilməyən, həyatın ritmi ilə hərəkət etməyi bacaran insandır. Yaxşı xasiyyətə malik adam olduğu üçün heç vaxt tənha olmur. Təbiyətindəki sadəlik ətrafındakı adamlarla ünsiyyətində, dostlarına münasibətdə, ailədə, bir sözlə, hər yerdə özünü büruzə verir. Zeynal müəllim işıqlı şəxsiyyət, nüfuzlu insandır.

Həyatda öz yerini tapmaq hər kəsə nəsib olmur. Xoşbəxt o adamdır ki, həyatda yerini vaxtında tapa bilib, günlərini mənalandıra bilib. Elə Zeynal Abdulllayev kimi. Mənalı ömür isə həyat dastanını tamamlayır. Demək həyatda boş yer tutmamısan. İnsanlıq borcunu insan kimi dolqun yaşamısan. Bax onda insanlar arasında alnı-açıq gəzməyə haqqın var. Təki ömür yar olsun… Sevindirici hal odur ki, xoşbəxt atanın, aqil babanın ömrünün bu çağında həyatını daha da dolğunlaşdıran, mənalandıran Malik, Metexan, Miray, Zəminə kimi nəvələr də böyüyür bu ocaqda.

Zeynal müəllimin məsləki, amalı, sevgisi, əməli bir olub. Kökü üstə ucalıb, kökündən qüvvət, güc alıb. Veteran neftçi ömrünü işığa, nura, istiliyə, ocağa, sabaha həsr etmişdir. Təbii ki, bu amala xidmət edənlər də müqəddəsdir. Bu sahədə insanın da qeyri-adi adam olması şübhəsizdir. Siz də bu sıradasınız hörmətli Zeynal Abdullayev. Ömrünün 70-ci yayını təbrik edirik, əziz dost! Qədrini biz bilirik. Qədərini Ulu Tanrı versin.

Zahir Qalib,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü