21 iyul 2026 22:38
121

Damar xəstəliklərinin gecikdirilən müalicəsi həyati təhlükə yarada bilər

İlqar Heybətov: Tromboz, anevrizma və varikoz yalnız lokal problem deyil, ağır və geri dönməz fəsadlara səbəb ola bilər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, damar xəstəliklərini yalnız kosmetik və ya lokal problem kimi qiymətləndirmək ciddi fəsadlara yol aça bilər. Vaxtında diaqnostika və müalicə edilməyən tromboz, anevrizma və varikoz həyati təhlükə yaradan ağırlaşmalarla nəticələnə bilər.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov "İki sahil"ə özəl müsahibəsində bildirib ki, damar xəstəliklərini yalnız kosmetik və ya lokal problem kimi qiymətləndirmək böyük səhvdir. Onların bir hissəsi qısa müddətdə həyati təhlükə yarada bilər.

İ.Heybətov qeyd edib ki, tromboz nəticəsində əmələ gələn laxta ağciyər damarlarını tutarsa, qəfil ölümə səbəb ola bilər. Ətraf arteriyalarının tutulması toxumaların qidalanmasını pozur və müalicə gecikərsə amputasiya ilə nəticələnə bilər.

O əlavə edib ki, anevrizma "səssiz təhlükə" hesab olunur. Uzun müddət heç bir əlamət verməyə bilər. Lakin partladıqda çox güclü daxili qanaxma baş verir və təcili cərrahi müdaxilə olunmazsa ölüm riski son dərəcə yüksəkdir.

İ.Heybətov vurğulayıb ki, varikoz xəstəliyi də yalnız estetik problem deyil. Müalicə edilmədikdə xroniki venoz çatışmazlıq, sağalmayan trofik yaralar və venaların iltihabı kimi ağırlaşmalar yarada bilər. Bütün bunlar bir daha göstərir ki, damar xəstəliklərində erkən diaqnostika və vaxtında müalicə həyati əhəmiyyət daşıyır.

Yaqut Ağaşahqızı, “İki sahil”